AZ

Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərinin genişləndirilməsi Neft Fondundan maliyyələşə bilər?..

Image

Şərq-Qərb nəqliyyat dəhlizlərinin yerli investisiya hesabına maliyyələşdirilməsi çox risqlidir

Prezident dünənki (28 yanvar-red.) çıxışında deyib ki, həm Şimal-Cənub, həm Şərq-Qərb nəqliyyat dəhlizləri üzrə indi əlavə tədbirlər görülür: "Çünki vaxtilə hesablanmış yüklərin həcmi artıq onu göstərir ki, daha böyük həcmdə yüklər keçəcək. Bu, müxtəlif səbəblərə bağlı olan məsələdir. Ancaq fakt odur ki, biz indi bu dəhlizlərin aşırma qabiliyyətini artırmaq üçün əlavə sərmayə cəlb etmişik və edəcəyik".

Prezident ötən ilin sonunda yerli televizyalara müsahibəsində xarici börc limitimizin olduğunu demişdi. Bununla yanaşı, xarici banklardan kredit götürəcəyimizi də qeyd etmişdi. Prezident indi isə Şərq-Qərb nəqliyyat dəhlizlərinin genişləndirilməsinə sərmayə cəlb edəcəyimizi deyir. Yəni yenə beynəlxalq maliyyə qurumlarından kredit göturəcəyik. Olmazmı ki, bu sərmayəni - krediti ADNF-nin aktivləri hesabına təmin edək? BVF, AİB və s. beynəlxalq maliyyə qurumlarına verdiyimiz kredit faizlərini Neft Fonduna verək?

Bəli, ilk baxışdan belə görünür ki, bir tərəfdən biz beynəlxalq maliyyə qurumlarından, əsasən də Beynəlxalq Valyuta Fondundan, Asiya İnkişaf Bankından və s. beynəlxakq maliyyə qurumlarından 5-6% dərəcəsi ilə kredit götürürük, digər tərəfdən isə Azərbaycan Dövlət Neft Fonduna (ADNF) yığılmış aktivlərin idarə edilməsindən illik 1% belə mənfəət əldə edə bilmirik. Mexaniki düşüncə məntiqi ilə belə qənaətə gəlmək olar ki, elə sərmayəni ADNF-nın vəsaitləri hesabına qoyaq, 1% əvəzinə 5-6% qazanaq. Amma bu məsələ bu qədər sadə deyil. Məlum olduğu kimi, Şərq-Qərb nəqliyyat dəhlizlərinin əsas hissəsini Cənub Qaz Dəhlizi təşkil edir. Bu dəhliz vasitəsi ilə biz Avropaya təxminən ildə 20 milyard kubmetr qaz ixrac edə bilirik. Avropa Komissiyası ilə 2022-ci ildə imzalanan memoranduma əsasən Azərbaycan bu dəhlizini yükaşırma qabiliyyətini iki dəfə artıraraq ildə 40 milyard kubmetrə çatdırmalı idi. Lakin memoranduma əsasən dəhlizin genişləndirilməsi üçün investisiyanı Avropa İttifaqı təmin etməlidir. Digər tərəfdən, sənədə əsasən Avropa İttifaqı Azərbaycandan hansı vaxta qədər qaz almaq fikrində olduğunu dəqiqləşdirib, bu həcmə uyğun Azərbaycanla müqavilə bağlamalıdır ki, qaz dünya bazarında aktuallığını itirsə belə, filan vaxta qədər ildə filan həcmdə qaz alacam. Artıq memorandumun imzalanmasından 3 il vaxt keçsə də, Avropa üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Nə qaz həcmlərinin qrafiki barədə Azərbaycanla müqavilə bağlanır, nə də kəmərin genişləndirilməsı üçün kredit tranşı açmaq istəyir. Prezidentin yuxarıda qeyd edilən müsahibələrindəki ifadələrdən bəlli olur ki, Avropa İttifaqı artıq Cənub Qaz Dəhlizinin genişləndirilməsi üçün kredit tranşı açmaq qərarına gəlib. Yəni biz bu qaz nəqli dəhluzini öz hesabımıza genişləndirsək, həmin vəsaitin itirilməsini rusq altına qoyuruq. Məsələn, Avropa İttifaqı iki ildən sonra - kəmər mənfəətə çıxmazdan əvvəl bizdən qaz almaqdan imtina edə bilər. O halda biz Avropaya çəkilən qaz kəmərindən başqa necə istifadə edə bilərik? Yəni sərmayəmiz batmış olar. Özü də Avropada belə bir gözlənti var ki, yaxın 2-3 il ərzində neftə və qaza olan tələbat minimuma endirilsin və daha çox yaşıl enerjiyə üstünlük verilsin. Ötən ilin yekunlarına görə, Almaniya ölkənin elektrik enerjisinə olan tələbatının 75%-dən çox hissəsini alternativ və bərpa edilən enerji mənbələrindən alıb. Yəni Avropa sürətlə yaşıl enerjiyə keçidi hədəfləyib. Ona gorə də Şərq-Qərb nəqliyyat dəhlizlərinin yerli sərmayə hesabına genişləndirilməsi çox risqlidir.

Amma Tramp administrasiyasınin "Yaşıl yol xəritəsi"ndən, COP-dan və elektromobil istehsalının genişləndirilməsindən imtina etməsi onu göstərir ki, ən azı yaxın dörd il ərzində dünyada yaşıl enerji layihələri o qədər də populyar olmayacaq - qaz bazarı aktuallığını itirməyəcək. O üzdən də Avropa İttifaqı, görünür, 3 il əvvəl imzaladığı memorandumun öhdəliklərini icra etməyə başlayıb.
 Bununla yanası, Azərbaycan hökuməti ölkədaxili infrastruktur və perspektivi şübhə doğurmayan beynəlxalq layihələr üçün kənardan investisiya cəlb edilməsinə son qoymalidır. Belə layihələrə lazım olan investisiyanı ADNF-dan cəlb etməlidir. Hazırda ADNF-nin aktivlərinin həcmi 72 milyard dolları keçib. Həmin aktivlərdən daha səmərəli istifadə etmək üçün hökumət lazım olan yatırımları bu fond hesabına etsə daha yaxşı olar. Bu həm dövlətin xarici börcunun şişməsinin qarşısını ala bilər, həm də ADNF-nın bir investisiya fondu kimi təcrübəsini artırar.

Akif NƏSİRLİ





Seçilən
11
baki-xeber.com

1Mənbələr