Yanvarın 30-da Bakı Apellyasiya Məhkəməsi “Meydan TV işi” üzrə həbs edilmiş jurnalist Aytac Tapdığın şikayətini təmin etməyib. Bu barədə Turan-a vəkil Cavad Cavadov bildirib.
"Aytac Tapdıq prosesdə iştirak edib və deyib ki, 10 ildən çoxdur “Meydan” TV-də işləyir və onun həbsi jurnalist fəaliyyətilə bağlıdır.
Müdafiə tərəfi bu mövqeyi dəstəkləyir və Avropa İnsan Hüquqları Konvensiyasının 18-ci maddəsinin pozulduğunu hesab edir, - vəkil deyib.
Onun sözlərinə görə, hətta jurnalistə qarşı cinayət təqibi üçün obyektiv əsaslar olsaydı belə, onun həbsi məqsədəuyğun deyildi.
Vəkil deyib ki, jurnalistin həbsi Avropa İnsan Hüquqları Məhkəməsində mübahisələndiriləcək.
* 6 dekabr 2024-cü ildə “Meydan” TV-nin əməkdaşları Aynur Elgünəş, Aytac Tapdıq, Xəyalə Ağayeva, Aysel Umudova, Natiq Cavadlı və jurnalist-frilanser Ramin Deko (Cəbrayılzadə), eləcə də media eksperti Ülvi Tahirov valyuta qaçaqmalçılığında şübhəli bilinərək saxlanılıblar.
Dekabrın 8-də məhkəmə onları həbs edib.
Jurnalistlər cinayət işini öz peşə fəaliyyətlərilə əlaqələndiriblər. Hüquq müdafiəçiləri onları siyasi məhbuslar kimi tanıyıblar.