AZ

"Bu dərman deyil, qida əlavəsidir"- dərman deyilsə aptekdə niyə satılır?

Image

Adil Qeybulla: “Həkim məsləhəti olmadan sertifikatı olmayan, yoxlanılmamış preparatlardan istifadə təhlükəlidir”

Həkim resept yazır, alırıq və dərmanları qəbul edərkən üzərində belə bir cümlə oxuyuruq: “Dərman vasitəsi deyil. Bioloji fəallığa malik qida əlavəsidir”.

Əslində isə bioloji fəallığa malik qida əlavələrinin reseptə yazılması qanunla qadağandır. “Dərman vasitələri haqqında” qanunumuz deyir ki, bioloji aktiv qida məhsulları orqanizmin gücləndirilməsi, qidanın zənginləşdirilməsi məqsədilə həkim tərəfindən tövsiyə oluna bilər, lakin xəstəliklərin qarşısının alınması və ya müalicəsi məqsədilə təyin olunan dərman vasitələrini əvəz etmir və bioloji aktiv qida məhsullarının həkim reseptinə yazılması qadağandır. Qadağandır, amma yazılır. Üstəlik, bu hallar getdikcə artır. Qida əlavələrinin üzərində “dərman vasitəsi deyil” sözü yazılsa da, bu məhsullar apteklərdə satılır. Maraqlıdır, dərman olmayan məhsullar niyə aptekdə satılır?

“Qida əlavələrinin heç biri Ümumdünya Səhiyyə Təşkilatının dərmanlar haqqında reyestrinə daxil deyil”

Tibb elmləri doktoru, professor Adil Qeybulla “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bəzi qida əlavələri tibbi təyinatla da müxtəlif xəstəliklərin müalicəsində istifadə olunur, onların təhlükəsizlik parametrlərinə cavab verməsi çox mühüm şərtdir: “Bu baxımdan hər bir ölkəyə gətirilən qida əlavəsi təyinatı üzrə laboratoriyalarda yoxlanmalı və bundan sonra sertifikatla ölkə daxil satışına icazə verilməlidir. Onsuz da bu qida əlavələrinin heç biri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dərmanlar haqqında reyestrinə daxil deyil. Əgər həmin qida məhsullarının tərkibi standarta uyğun deyilsə, bu artıq hüquqi, kriminal məsuliyyət yaradır. Beləliklə, genefondumuza, orqanizmimizə təhlükə törədən bu cür məhsulların ölkəyə idxalı hüquqi məsuliyyət yaradır və aidiyyəti qurumlar mütləq şəkildə bununla bağlı ciddi tədbir görməlidir. Vətəndaşlara isə tövsiyə olunur ki, hansısa sosial şəbəkə üzərindən reklam edilən bu cür elanlara inanmasınlar. Yalnız həkim məsləhəti ilə addım atsınlar. Həkim məsləhəti olmadan sertifikatı olmayan, yoxlanılmamış preparatlardan istifadə təhlükəlidir".

Həkim onu da əlavə etdi ki, qida əlavələrinin çoxusu vitamin mineral kompleksindən, bioflavonoidlərdən, müxtəlif üzvi və qeyri-üzvi maddələrdən ibarət olduğu üçün bunun təyinatı ilə həkim məşğul olmalıdır: “Nəzərə almalıyıq ki, bəzi dərman preparatlarının, vitaminlərin bədəndə düzgün fəaliyyət göstərməsi üçün əlavə maddələrə ehtiyac olur. Məsələn, D vitamininin çalışmasına görə, orqanizmdə   C, E,K2, B2 vitaminləri olmalıdır. Əks halda, D vitamininin normal işləməsi təmin olunmur. Buna görə də qida əlavələrinin keyfiyyət parametrləri analiz nəticələrinə uyğundursa, qida əlavəsi həkim tərəfindən xəstəyə təyin oluna bilər. Yəni, burada qeyri- adi birşey yoxdur. Ümumiyyətlə, xəstələrə hansısa qida, pəhriz, qida əlavələri, dərmanla bağlı məsləhətlər vermək yalnız həkimin səlahiyyətindədir. Onu da deyim ki, bu tip məhsulların elə aptekdə satılması daha uyğundur. Sosial şəbəkədəkə, əllərdə satılan qida əlavələrinin keyfiyyəti sıfıra bərabərdir və orqanizmə ziyandır".

Günel CƏLİLOVA





Seçilən
54
46
baki-xeber.com

10Mənbələr