AZ

Üç dövlətin Ankara bəyannaməsi - Azərbaycan-İsrail münasibətləri necə davam edəcək...

Image

Ceyhun Məmmədov: “Hesab edirəm ki, burda Azərbaycanın İsraillə münasibətlərinə xələl gətirə biləcək əlavə bir məsələ də yoxdur”

Türkiyə, Azərbaycan və Özbəkistan arasında Ankara Bəyannaməsi imzalanıb. Üç ölkə Ankara Bəyannaməsində bir-birinin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin toxunulmazlığını açıq şəkildə dəstəklədiklərini təsdiqləyiblər. 

Ankara Bəyannaməsində əksini tapan vacib məsələlərdən biri də Qəzzada atəşkəs elan edilməsinin alqışlanması, onun ciddi şəkildə yerinə yetirilməsinin tələb edilməsi və İsrail-Fələstin münaqişəsinin iki dövlət prinsipi əsasında həllinin dəstəklənməsidir. 

Gördüyünüz kimi, Bəyannamədə həm də türk dövlətlərinin Yaxın Şərqdə sülh prosesinə cəlb olunmasından söhbət gedir. 

Bu birmənalı olaraq Azərbaycanın da mövqeyinə uyğundur. Çünki Azərbaycan həmişə bəyan edib ki, Yaxın Şərqdə atəşkəsə nail olunsun, iki dövlət prinsipinə-müstəqil Fələstin dövləti və müstəqil İsrail dövləti prinsipinə əməl olunsun. Yəni Azərbaycan dövləti həmişə bu mövqedən çıxış edib.

Ankara Bəyannaməsinin mühüm müddəalarından biri Qəzzada müharibənin dayanması və iki dövlətli həll prosesinin dəstəklənməsidir

İndi də rəsmi olaraq türk dövlətlərinin bu məsələnin ətrafında əməkdaşlığının artıq bir fenomen kimi meydana çıxması İsraillə yaxşı münasibətdə olan bəzi türk dövlətlərinin, o cümlədən Azərbaycanla İsrail münasibətlərinə necə təsir göstərə bilər? Bu vəziyyət İsraillə yaxşı münasibətdə olan türk dövlətləri ilə İsrail, o cümlədən Azərbaycan İsrail münasibətlərinə hər bir hansı bir mənfi təsir göstərə bilərmi?

“İsrail də o məsələyə anlayışla yanaşmaldır”

Millət vəkili Ceyhun Məmmədov “Bakı-Xəbər”ə şərhində “Hesab edirəm ki, bu olduqca önəmli məsələdir. Alqışlanası bir addımdır ki, bu gün belə bir əməkdaşlıq var, bu istiqamətdə birgə səylərin göstərilməsi üçün işlər görülür. Yəni bu gün bütün plaformalarda türk dövlətlərinin bir arada olması, birgə fəaliyyət göstərməsi çox önəmlidir. Bu prosesə töhfə verən bir məsələdir”-deyə bildirdi.

C.Məmmədovun sözlərinə görə, bu mənada biz bu cür addımları dəstəkləməliyik. Millət vəkili hesab edir ki, bu anlamda türk dövlətlərinin birgə fəaliyyəti, səylər göstərməsi, birgə addımlar atması da  çox önəmlidir. “Bu gün Yaxın Şərqdə baş verən proseslər təkcə Türkiyəyə yox, digər Orta Asdiya ölkələrinə də ciddi təsir göstərir. Ona görə də, bu mənda belə bir yanaşmanın ortaya qoyulması və belə bir addımların atılması çox önəmlidir. Çünki Yaxın Şərqdə sabitliyin ən qısa zamanda baş verməsi, ən qısa zamanda bərqərar olması çox önəmldir. İsraillə bağlı münasibətlərə gəlikdə isə hesab edirəm ki, burda Azərbaycanın İsraillə münasibətlərinə xələl gətirə biləcək əlavə bir məsələ də yoxdur. Yəni fikrimcə, bu gün burda bu mənada ciddi bir problem yoxdur. Azərbaycan da, Türkiyə də, eləcə də digər türk dövlətləri də prosesin BMT-nin qətnamələrinə və qərarlarına uyğun olaraq tənzimlənməsinin tərəfdarıdır. Bu gün Azərbaycan o məsələyə yanaşmada o mövqeyi sərgiləyir ki, burda beynəlxalq hüquq və beynəlxalq prinsiplər, beynəlxalq qanunlar, normalar qorunmalıdır. Yəni Azərbaycan tərəfindən belə bir mövqe var”. 

C.Məmmədov hesab edir ki, Azərbaycanla yanaşı Orta Asiya Respublikaları tərəfindən də bu məsələ ilə bağlı hər hansı bir qərəzin, münasibətlərimizə xələl gətirə biləcək bir addımın olduğunu söyləməyə heç bir əsas yoxdur. “Yəni burda Azərbaycan İsraillə dostluğunu, strateji münasibətlərini qoruyur və eyni zamanda da digər addımları da bir eyrdə atır, digər işləri də bir yerdə görür. Ona görə də, hesab edirəm ki, burda hər hansı bir ciddi anlaşılmazlıqdan və hansısa bir ciddi məsələdən, problemdən söhbət gedə bilməz. Yəni fikrimcə, İsrail də o məsələyə anlayışla yanaşmaldır. Yenə də deyirəm ki, çünki bu beynəlxalq hüququn bizdən tələbidir, istəyidir.

Ona görə də bu Bəyannamə önəmlidir. Yəni bu Azərbaycan Türkiyə münasibətlərini inkişaf etdirir, əlaqələrini gücləndirir və daha da irəliyə doğru birlikdə addımlayırlar. Orta Asiya Respublikalarının da bu prosesdə iştirakı, Yaxın Şərqdə sülh quruculuğu prosesində fəallığı çox önəmlidir” - deyə C.Məmmədov əlavə etdi.

İradə SARIYEVA





Seçilən
26
baki-xeber.com

1Mənbələr