Azərbaycan Premyer Liqasında uğursuz mövsüm keçirən “Kəpəz” daha bir legioneri – Viktor Braqa ilə də yollarını ayırıb.
Arena.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.
Xəərdə bildirilir ki, Braqa ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib. Xidmətlərinə görə futbolçuya təşəkkür edən “Kəpəz”, ona gələcək karyerasında uğurlar arzulayıb.
Xatırladaq ki, tam adı Joao Viktor da Silva Braqa olan futbolçu “Kəpəz”ə 2024-cü ilin yayında Braziliyanın “Aqiya di Maraba” klubundan gəlmişdi. Həmin vaxt sağ vinger olan braziliyalı futbolçu ilə 1+1 illik müqavilə imzalanmışdı. Amma o, Gəncə klubunda ümidləri tam doğrulda bilməyib.
Viktor Braqa “Kəpəz”in heyətində 18 oyuna çıxıb, 2 qola imza atıb.
23 yaşlı oyunçu daha öncə “Aqiya di Maraba”, “Retro”, “Sergipe”, “Vera Krus”, “Klanorte” kimi klubların da şərəfini qoruyub.
“Kəpəz” daha öncə Orxan Əliyev (“Turan Tovuz”), Lassana Ndiaye və Redon Mihana ilə də yollarını ayırmışdı. Mahir Həsənov isə “Difai”yə icarəyə verilib. Gəncə klubu gedənlərin əvəzində Rati Ardazişvili (“Samtrediya”, Gürcüstan), Şervoni Mabatşoev (“İstiklol”, Tacikistan) və Trent Buhaqyarla (“Breşiya”, İtaliya) güclənib.