AZ

Hakim Ziyeş Qətər klubu ilə müqavilə bağladı

Türkiyənin “Qalatasaray” klubundan ayrılan Mərakeş millisinin sağ cinah vingeri Hakim Ziyeş bundan sonra Qətərdə forma geyinəcək.

Arena.az xəbər verir ki, o, Qətərin “Əl-Dühail” klubu ilə anlaşıb.

Bu barədə Qətər klubu rəsmi saytı vasitəsilə məlumat yayıb. Azad agent statusuna malik futbolçu “Əl-Dühail”lə müddəti 2027-ci ilin 30 iyununadək nəzərdə tutulmuş müqavilə imzalayıb.

Xatırladaq ki, “Qalatasaray” Hakim Ziyeşlə ötən gün vidalaşdığını açıqlamışdı. Xeyli müddət idi baş məşqçi Okan Burukla ciddi problemləri olan Ziyeş onsuz da komandadan kənarlaşdırılmışdı. Bu üzdən də onun klubu tərk edəcəyi gözlənilən idi.

Hakim Ziyeşin “Qalatasaray”la 2025-ci ilin 30 iyununa kimi müqaviləsi var idi. O, İstanbul nəhəngində ilinə 2 milyon 850 min avro qazanırdı.

Xatırladaq ki, Hakim Ziyeş 2023-cü ilin avqust ayından formasını geyindiyi “Qalatasaray”da bütövlükdə 34 oyuna çıxıb, 8 qol və 5 məhsuldar ötürmə müəllifi olub. Cari mövsümdə isə mərakeşli oyunçu cəmi 1 assistlə yadda qaldığı 11 matç keçirib.

Ziyeş ötən mövsüm “Qalatasaray”la həm Türkiyə çempionu olub, həm də Türkiyə Super Kubokunu qazanıb.

Hakim Ziyeşin formasını geyindiyi klublar arasında “Tvente”, “Herenven”, “Çelsi” və “Ayaks” da var.

Ziyeş vaxtilə Niderlandın U-19, U-20 və U-21 yığmalarında oynasa da, 2015-ci ilin oktyabr ayından Mərakeş milli komandasında forma geyinməyə başlayıb. Yarımmüdafiəçi ölkəsinin millisində bütövlükdə 64 oyuna çıxıb, 25 qol vurub, 12 məhsuldar ötürmə edib.

“Transfermarkt” internet-portalı 31 yaşlı vingerin transfer dəyərini 5 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
44
arena.az

1Mənbələr