AZ

ABŞ-ın Quantanamoda quracağı immiqrasiya mərkəzi 4 SUALDA

Yazını böyüt
Yazını kiçilt

ABŞ prezidenti Donald Tramp sənədsiz mühacirləri nəzarət altında saxlamaq üçün Quantanamoda 30 min nəfərlik düşərgənin qurulmasına göstəriş verib.

Hafta.az-ın yazdığına görə, yanvarın 28-də Ağ Evdə keçirdiyi mərasimdə Tramp müxtəlif ölkələrdən ABŞ-a çoxlu “cinayətkarların” gəldiyini və bu insanların Co Bayden dövründə ölkəyə asanlıqla daxil ola bildiklərini deyib.

“Bu gün mən Müdafiə Departamentinə və Daxili Təhlükəsizlik Departamentinə Quantanamoda 30 min nəfərlik immiqrasiya müəssisəsinin qurulmasına başlamaq üçün göstəriş verən sərəncam imzalayıram. Əksər insanlar heç bilmir ki, Amerika xalqını təhdid edən ən ağır cinayətləri törətmiş qeyri-qanuni miqrantları saxlamaq üçün Quantanamoda 30 min nəfərlik yerimiz var. Bu insanların bəziləri o qədər pisdir ki, onları saxlayacaq ölkələrə belə etibar etmirik, ona görə də onların geri qayıtmasını istəmirik”, - Tramp deyib.

1.Quantanamodakı ABŞ bazası hansı məqsədlə istifadə olunur?

ABŞ administrasiyası 11 sentyabr 2001-ci il hücumlarına görə insanları məsul tutmaq üçün Kuba adasındakı Quantanamo hərbi dəniz bazasından istifadə edir.

2002-ci ildə ABŞ-ın o vaxtkı prezidenti Corc Buşun göstərişi ilə yaradılan təcridxanada “düşmən döyüşçülər” hesab edilən insanlar saxlanılır. Keçmiş ABŞ liderləri Barak Obama və Co Bayden mərkəzin bağlanmasını istəsələr də, tələblər Konqres tərəfindən qəbul edilməyib.

2002-ci ildən indiyədək 48 ölkədən təxminən 800 nəfər silahlı fəaliyyətdə iştirak etdiyi və ya terrorizmlə əlaqəli cinayətlər törətdiyi üçün Quantanamoya göndərilib. Hazırda bazada 15 nəfər saxlanılır.

Digər tərəfdən, təcridxanadakı qeyri-insani şərait və işgəncələr hüquq qruplarının reaksiyasına səbəb olur. Son 20 ildə Quantanamoda məhbuslardan 9-u həyatını itirib, onlardan 7-nin intihar etdiyi güman olunur.

2. Əvvəllər Quantanamoda immiqrantlar yerləşdirilibmi?

“New York Times” qəzetinin 2024-cü ilin sentyabrında çıxan xəbərində onilliklər ərzində Quantanamodakı hərbi bazada sənədsiz immiqrantların saxlandığı yazılmışdı. Xəbərdə dənizdə tutulan qeyri-qanuni mühacirlərin terrorda ittihamlananlardan ayrı bir müəssisədə saxlandığı qeyd olunub. Bildirilib ki, 2020-2023-cü illərdə Quantanamoda ümumilikdə 37 qeyri-qanuni mühacir bu yolla saxlanılıb.

Trampın “sərhəd çarı” Tom Homan deyir ki, bu müəssisə 30 min nəfər üçün genişləndiriləcək.

3. Quantanamoda yeni həbsxanaya kimlər göndəriləcək?

Homan və ABŞ-ın daxili işlər naziri Kristi Noem "ən təhlükəli" qeyri-qanuni mühacirlərin yeni müəssisəyə göndəriləcəyini bildirirlər. Ağ Evdən verilən açıqlamada, genişləndirilmiş müəssisənin "ABŞ-da yüksək prioritet xarici cinayətkarların" saxlanılması üçün istifadə ediləcəyi vurğulanır.

Tramp həmçinin bildirir ki, bu müəssisədə “ən ağır cinayətləri törətmiş sənədsiz immiqrantlar saxlanılacaq”.

4. Məsələyə Kubanın reaksiyası necədir?

ABŞ administrasiyası Quantanamodakı bazanın ərazisini 1903-cü ildə Kubadan icarəyə götürüb. Müqavilənin bitmə tarixi yoxdur. 1959-cu ildə Kuba İnqilabından sonra hakimiyyətə gələn kommunist administrasiyası ABŞ-ın Quantanamodakı bazasının qanunsuz olduğunu bəyanlayıb və Vaşinqtondan bölgədən çıxmasını tələb etməkdədir.

Kuba prezidenti Migel Diaz-Kanel çərşənbə günü verdiyi açıqlamada Trampın bazanı genişləndirmək planını "qəddar" adlandırıb. Diaz-Kanel onu da xatırladıb ki, Quantanamo “işğal olunmuş Kuba ərazisində yerləşir”.

Kubanın xarici işlər naziri Bruno Rodriges də Trampın qərarına etiraz edərək deyib: “ABŞ administrasiyasının işgəncə və qeyri-müəyyən həbs mərkəzləri qurduğu Quantanamo hərbi dəniz bazasında mühacirləri həbs etmək qərarı insanlığa və beynəlxalq hüquqa hörmətsizlikdir”.

Seçilən
43
hafta.az

1Mənbələr