Karib dənizində bir qayıqda 13 çürümüş cəsəd tapılıb. Beş gün əvvəl də Trinidad və Tobaqo yaxınlığında bir qayıqda beş nəfərin cəsədi tapılmışdı.

İndex.az “The Guardian”a istinadən xəbər verir ki, Sent Kitts və Nevis polisinin rəis müavini Kromvel Henri çərşənbə günü tapılan cəsədlərin çürümüş olduğunu və qurbanların yaşının və ya cinsinin müəyyən edilə bilmədiyini bildirib.

Qeyd edilib ki, kapitansız qayıq sahilə çıxarılıb və hadisə ilə bağlı araşdırma başlayıb.

Oxşar hadisə ötən şənbə günü baş verib və Trinidad və Tobaqo sahillərində qayıqda beş cəsəd tapılıb. Səlahiyyətlilər, pis vəziyyətdə olan bu qayığın ada sahillərinə çəkilmək istəyərkən batdığını açıqlamışdı.

Trinidad Sahil Mühafizəsi tərəfindən verilən açıqlamada tapılan son qayığın 2021-ci ildə eyni bölgədə tapılan və içərisində 15 nəfərin cəsədinin olduğu qayığa bənzədiyi vurğulanıb.

O zamankı təxminlərə görə, sözügedən qayıqda Afrika sahillərindən yola düşən immiqrantlar ola bilər.