AZ

2025-ci ilə damğa vuracaq kosmik missiyalar – Bizi nə gözləyir?

2024-cü il kosmik inkişaf baxımından çox uğurlu il oldu. Belə ki, NASA-nın Yupiterin buzla örtülü Europa peykinin araşdırılması missiyasından tutmuş, İlon Mask “SpaceX” şirkətinin “Starship” raketini havada tutmasına qədər inanılmaz kosmik nailiyyətlər yaşandı. 2025-ci il kosmik tədqiqatlar və texnologiyalar sahəsində təməlqoyma dövrü olacaq. 

Valyuta.az xəbər verir ki, bu il NASA, “SpaceX”, Çin, Hindistan və Avropa Kosmik Agentliyi kimi dünya miqyasında kosmik agentliklər və özəl şirkətlər insanlıq üçün böyük kəşflər edəcək missiyalar həyata keçirəcək. 

NASA administratoru Bill Nelson bildirib ki, 2024-cü ildə kəşf etmək, araşdırmaq və ruhlandırmaq üçün böyük addımlar atılıb. Bütün bunları etməklə onlar Amerika xalqına və bütün bəşəriyyətə nəzərəçarpacaq faydalar verib.

Onun sözlərinə görə, 2025-ci il kosmik agentliklər və şirkətlər üçün daha maraqlı il olacaq. 2025-ci ildə bir çox əlamətdar missiyalar baş verəcək. 
2025-ci il üçün planlaşdırılan kosmik missiyalar isə bunlar olacaq.

“Tianwen-2”: Çinin Hədəfi Asteroid Kamo'oalewa

2025-ci ilin may ayında buraxılması gözlənilən “Tianwen-2” Yerə yaxın olan Kamoʻoalewa (2016 HO3) asteroidinə çatacaq və asteroiddən nümunələr toplayacaq.

Bu missiyanın məqsədi asteroiddən götürülmüş nümunələrlə Günəş sisteminin formalaşması və təkamülü haqqında daha çox məlumat əldə etməkdir.

“Tianwen-2” asteroidə çatmazdan əvvəl uzaqdan müşahidələr aparacaq və təxminən 100 qram tozlu səth süxurunu toplayacaq.

Onun 2026-cı ildə Kamoʻoalewa və 2034-cü ildə 311P/PANSTARRS kometinə çatacağı gözlənilir.

Venera-ya İlk Xüsusi Missiya

Venerada həyat axtarmaq üçün həyəcanverici missiya 2025-ci ildə özəl sektor tərəfindən həyata keçiriləcək.

“Venus Life Finder” 2025-ci ilin yanvarında Yeni Zelandiyadan buraxılacaq və Veneranın atmosferinə üzvi molekullar axtaran bir zond atacaq.

İsti, zəhərli atmosferinə görə Venerada həyatın mümkünlüyünə dair qəti dəlil yoxdur, lakin bu missiya həyat əlamətlərinin axtarışı istiqamətində mühüm addım olacaq.

“DREAM CHASER” 

“Sierra Space” tərəfindən hazırlanmış “Dream Chaser” 2025-ci ilin mayında Beynəlxalq Kosmik Stansiyaya (BKS) yük daşıyacaq.

Adi bir təyyarə kimi üfüqi eniş edə bilən bu vasitə ilk uçuşunda təxminən 45 gün kosmos stansiyasında qalacaq.

Gələcəkdə astronavtları daşımaq potensialı da olan “Dream Chaser” kosmik turizm üçün də istifadə edilə bilər.

“Space Rider”: Təkrar İstifadə Edilə Bilən Kosmik Vasitə 

Avropa Kosmik Agentliyi tərəfindən hazırlanmış “Space Rider” 2025-ci ilin üçüncü rübündə aşağı Yer orbitinə buraxılacaq.

Təxminən iki ay orbitdə qalacaq pilotsuz olan “Space Rider” elmi araşdırmalar üçün vacib məlumatlar toplayacaq.

Yenidən istifadə edilə bilən kosmik gəmi olan “Space Rider”in gələcəkdə bir çox kosmik missiyalarda istifadə ediləcəyi gözlənilir.

ESCAPADE: Marsda  Atmosferi Araşdırma Missiyası

NASA-nın ESCAPADE missiyası 2025-ci ildə Marsın atmosferini öyrənmək üçün fəaliyyətə başlayacaq. Əkiz kosmik gəmi Marsın maqnit sahələrini və atmosferini tədqiq edəcək.

Marsda iqlim dəyişiklikləri ilə bağlı mühüm məlumatlar verəcək bu missiya kosmik gəmilərin kosmik hava şəraitindən qorunması səylərinə töhfə verəcək.

“Haven-1”: Lüks Ticarət Kosmik Stansiyası 

2025-ci ildə buraxılacaq “Haven-1” özəl sektordan ilk kommersiya kosmik stansiyası olacaq.

Kennedy Kosmik Mərkəzindən “SpaceX Falcon 9” raketi ilə buraxılacaq "Haven-1", dörd astronavta dəbdəbəli yaşayış şəraiti yaradacaq.

Kraliça yataqları və böyük pəncərələri ilə kosmosda komfortlu yaşam imkanı təmin edən bu stansiya, ticari kosmik turizm üçün mühüm bir addım olacaq.

Gaganyaan: Hindistanın Kosmos Hədəfi 

Hindistan Kosmik Tədqiqatlar Təşkilatı (ISRO) 2025-ci ildə Gaganyaan proqramı çərçivəsində üç ekipajsız kosmik gəmini kosmosa göndərəcək.

Bu missiyalar Hindistanın insanları kosmosa göndərməsi üçün mühüm addım olacaq.

Gaganyaan IV-ün 2026-cı ildə  kosmosa üç astronavt aparacağı planlaşdırılır.

“Starship”: “SpaceX”-in Böyük Məqsədi 

İlon Maskın “SpaceX” şirkəti 2025-ci ildə "Starship" ilə Yer orbitindən kənara səyahət üçün hazırlıqlarını davam etdirir.

“Starship” “SpaceX”in Marsa insanları göndərməyi planlaşdırdığı ən böyük raket sistemi olacaq. 2025-ci il “Starship”in buraxılışı ilə yanaşı, bu nəhəng raketin sürətli yanacaq doldurulması üçün hazırlanmış yeni texnologiyaların sınaqdan keçiriləcəyi il olacaq.

İlon Musk “Starship”in 2026-cı ildə ekipajsız bir missiya ilə Marsa gedəcəyini və ilk insanlı səyahətin Marsa2028-ci ildə ediləcəyini proqnozlaşdırır.

Davud

Seçilən
21
valyuta.az

1Mənbələr