Bəzi Qərb dövlətlərinin 2020-ci ildən sonra Azərbaycana münasibəti nəzərəçarpacaq dərəcədə dəyişib.
“Report” xəbər verir ki, bunu Lazur Sahili Universitetinin ictimai hüquq professoru Kristian Vallar "Fransa və Ermənistan-Azərbaycan münaqişəsi" konfransında bildirib.
Onun sözlərinə görə, bu daha çox özünü ölkənin ərazi bütövlüyünü bərpa etməsinə olan reaksiyada göstərib.
Kristian Vallar bildirib ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 %-nin qaytarılması faktı rəsmi Paris də daxil olmaqla bir sıra ölkələrin mənfi reaksiyasına səbəb olub.
"Fransa həmişə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə dəstəyini ifadə edib. 2020-ci ilə qədər Bakı və Paris arasında münasibətlər dinamik və məhsuldar şəkildə inkişaf edib. 2017-ci ildə ilk səfərim zamanı Bakıda fransız diplomatları ilə görüşdüm və onlar iki ölkə arasında ticari-iqtisadi əlaqələrin inkişaf perspektivlərini qeyd etdilər. Lakin 2020-ci ildən sonra bütün uğurlu proseslər dayandı. Azərbaycan Cənubi Qafqaz regionunda mühüm yer tutur", - K.Vallar vurğulayıb.