AZ

Uğurlu platforma...

Azərbaycan-Türkiyə-Özbəkistan nazirlərinin üçtərəfli görüşündə vacib məsələlər müzakirə olunub

Türk dövlətləri arasında münasibətlər daha da güclənməkdədir. Türk Dövlətləri Təşkilatında (TDT) birləşən ölkələr, həm də müxtəlif platformalar çərçivəsində əməkdaşlıq edirlər. Onlardan biri də Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat, ticarət və nəqliyyat nazirlərinin üçtərəfli görüşüdür. Bu formatda ilk görüş 2022-ci il avqustun 2-də Özbəkistanın paytaxtı Daşkənd şəhərində baş tutub. Bu müstəvidə ikinci görüş də reallaşıb.

Yanvarın 29-da Ankarada   Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat, ticarət və nəqliyyat nazirlərinin 2-ci üçtərəfli görüşü keçirilib. Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, görüşdə nazir Ceyhun Bayramov, həmçinin iqtisadiyyat naziri Mikayıl Cabbarov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev iştirak ediblər. Nazirlər gündəlikdə duran mövzular, o cümlədən xarici siyasət və regional əməkdaşlıq məsələləri, ticarət, iqtisadiyyat və investisiya sahəsində əməkdaşlığın artırılması, regional nəqliyyat şəbəkələrini inkişaf etdirməklə nəqliyyat və kommunikasiya sektorunda əməkdaşlığın gücləndirilməsi mövzuları üzrə çıxışlar səsləndiriblər.

Regional əməkdaşlıq gücləndirilir

Ceyhun Bayramov çıxışında ölkələrimiz arasında mövcud üçtərəfli formatın qorunub saxlanılması və inkişaf etdirilməsinin hazırkı parçalanmaqda olan beynəlxalq münasibətlər sistemində nümunəvi xarakter daşıması ilə yanaşı, o cümlədən digər regional əməkdaşlıq formatlarını tamamlamaq, əməkdaşlıq potensialından istifadəni maksimallaşdırmaq, ortaq təhdidlərə qarşı birgə cavab tədbirlərinin görülməsi baxımından əhəmiyyətini qeyd edib. Ölkələrimizin yerləşdikləri Xəzər, Qara və Aralıq dənizləri regionlarını birləşdirən bir sıra strateji əhəmiyyətli layihələrin, o cümlədən “Rəqəmsal İpək Yolu” və “yaşıl enerji ixracı” kimi təşəbbüslərin üçtərəfli əməkdaşlığımızın əhəmiyyətini artırdığı qeyd olunub.

Azərbaycan-Türkiyə-Özbəkistan arasında bir sıra regional və beynəlxalq təşkilatlar, o cümlədən BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı (D-8), Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) çərçivəsində əməkdaşlığın, qarşılıqlı dəstək və ortaq mövqedən çıxış edilməsi təcrübəsinin davam etdirilməsinin zəruriliyi diqqətə çatdırılıb.

C.Bayramov, həmçinin postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, mina təhdidi ilə mübarizə səyləri, Azərbaycan-Ermənistan normallaşma prosesinin gedişatı, mövcud çağırışlar barədə ətraflı məlumat verib. Keçmiş işğal nəticəsində 30 ilə yaxın müddət ərzində digər ərazilərimizdən təcrid olunmuş torpaqlarımızda nəqliyyat-infrastruktur quruculuğunun, xüsusilə Orta Dəhliz boyunca nəqliyyat imkanlarının genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb, yenidənqurma işlərində qardaş Türkiyə və Özbəkistanın göstərdiyi dəstək təqdir olunub.

Geniş anlamda regional sülh, təhlükəsizlik və inkişafın təmininin ortaq baxışımızın əsasını təşkil etdiyi, bu istiqamətdə Əfqanıstana yönələn sosial-iqtisadi dəstək təşəbbüslərinin, Trans-Əfqanıstan Dəmir Yol Xətti layihəsinin inkişafının diqqət mərkəzində olduğu qeyd edilib. Yaxın Şərqdə, xüsusilə Qəzza bölgəsində əldə olunan atəşkəsin və ona riayət olunmasının əhəmiyyəti, İsrail-Fələstin münaqişəsinin beynəlxalq hüququn normalarına uyğun şəkildə “iki dövlət prinsipi” əsasında həllini tapmasının vacibliyi diqqətə çatdırılıb. O cümlədən Suriyada Əsəd rejiminin çöküşündən sonra bu ölkənin dirçəldilməsi səylərinə qardaş Türkiyə ilə birgə dəstək verilməsinin regional əməkdaşlığımızın daha bir komponentinə çevrildiyi qeyd olunub.

Ankara Bəyannaməsində nələr əksini tapır?

Daha sonra görüşün yekunlarına dair Ankara Bəyannaməsi imzalanıb. Bəyannamədə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlərlə bağlı əməkdaşlığın inkişaf etdirilməsi, habelə suverenlik və ərazi bütövlüyü əleyhinə atılan addımlara qarşı birgə fəaliyyətə dəstək ifadə olunub.

İqtisadiyyat, ticarət, investisiyalar, logistika, infrastruktur, rəqəmsallaşma, ətraf mühit və iqlim dəyişikliyi ilə mübarizə istiqamətləri üzrə mövcud potensialdan tam istifadə olunması, bu istiqamətdə Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın, xüsusilə Orta Dəhlizin səmərəliliyi və rəqabətə davamlılığının artırılmasının vacibliyi qeyd edilib.

Bəyannamədə, həmçinin Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi bölgələrində yenidənqurma və humanitar minatəmizləmə fəaliyyətinə töhfə verilməsinin əhəmiyyəti vurğulanıb. Ankara Bəyannaməsində,  eyni zamanda, Azərbaycanın COP29 və AQEM sədrlikləri çərçivəsində oynadığı rol təqdir edilib.

Nazirlər görüşün yekunlarına dair mətbuata bəyanatlarla çıxış ediblər. Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, ölkəsinin Azərbaycan və Özbəkistan ilə münasibətləri ən yüksək səviyyədədir. Əməkdaşlıq çərçivəsində nəqliyyat və logistika sahələrində əlaqələrin genişləndirilməsi üzrə atılan addımlar xüsusi önəm daşıyır. Bu, 2040-cı ilədək Türk Dövlətləri Təşkilatının (TDT) əsas hədəflərindən biridir.

H.Fidan qeyd edib ki, hazırda qlobal ticarətin ən böyük payı Avropa və Asiya ölkələrinə düşür: “Türkiyə, Azərbaycan və Özbəkistan vacib nəqliyyat yollarının üzərində yerləşib. Koronavirus pandemiyasının nəticələri və Ukraynada gedən müharibə fonunda Orta Dəhlizin əhəmiyyəti artır. Məhz bu marşrut Avropa ilə Asiya arasında ən təhlükəsiz və iqtisadi baxımdan sərfəli daşınma yoludur. Bu səbəbdən Mərkəzi Asiya, Xəzər dənizi, Cənubi Qafqaz və Türkiyədən keçən nəqliyyat dəhlizinin inkişaf etdirilməsi üzrə birgə addımların atılması zəruridir”.

Türk dövlətlərinin əməkdaşlığı məsələsinə toxunan Hakan Fidan deyib ki, cari ildə Türk Dövlətləri Təşkilatının iki mühüm sammitinin keçirilməsi planlaşdırılıb. Bunlardan biri Türk dövlətləri liderlərinin Macarıstanda keçiriləcək qeyri-formal görüşü, digəri isə TDT-nin Azərbaycanda keçiriləcək 12-ci sammitidir.

Növbəti görüş Azərbaycanda keçiriləcək

Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası geniş coğrafi məkanda iqtisadi əməkdaşlıq imkanları açıb. Bu gün Şərqlə Qərb arasında Orta Dəhlizin işğaldan azad edilmiş Azərbaycan torpaqlarından keçən yeni arteriyasının formalaşdırılması istiqamətində addımlar atılır. Bu marşrutun böyük potensialı var. O, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa işləri barədə görüş iştirakçılarına məlumat verib, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının inkişafına verdiyi töhfələrə görə Türkiyə və Özbəkistana minnətdarlığını bildirib.

Özbəkistan XİN rəhbəri Baxtiyar Saidov isə Özbəkistan və Türkiyə arasında strateji əməkdaşlıq haqqında sazişin imzalanmasını xatırladaraq, Azərbaycanla müttəfiqlik münasibətlərinin də yüksək səviyyədə olduğunu vurğulayıb. Nazir Daşkəndin Bakı və Ankara ilə strateji dialoqun daha da möhkəmləndirilməsinə hazır olduğunu qeyd edib.

Qeyd edək ki, növbəti üçtərəfli görüşün Azərbaycanda keçirilməsi qərara alınıb.

Nardar BAYRAMLI

Seçilən
17
yeniazerbaycan.com

1Mənbələr