AZ

ABŞ Konqresində Trampın üzünün Rəşmor dağında həkk olunması təklif edilib – ÖZƏL

Olaylar.az xəbər verir ki, respublikaçı konqresmen Anna Paulina Luna ABŞ prezidenti Donald Trampın üzünün Rəşmor dağında həkk olunmasını nəzərdə tutan qanun layihəsini təqdim edib.

"Prezident Trampın cəsarətli liderliyi və Amerikanın böyüklüyünə sarsılmaz sədaqəti onun tarixdəki yerini möhkəmləndirib", - Luna X sosial şəbəkəsində yazıb. "Onun adı Corc Vaşinqton, Tomas Cefferson, Avraam Linkoln və Teodor Ruzvelt kimi dahi liderlərin sırasına daxil olacaq", - deyə o əlavə edib.

Rəşmor dağındakı məşhur abidə 20-ci əsrin əvvəllərində heykəltəraş Qutson Borqlum tərəfindən yaradılıb. Onun fikrincə, məhz bu dörd prezident ABŞ tarixinin ən mühüm hadisələrinə təsir göstərib. Bununla belə, Milli Park Xidməti bildirir ki, abidənin inşası zamanı yerli hindu tayfalarının bu ərazinin mədəni dəyəri ilə bağlı fikirləri nəzərə alınmayıb.

Əslində, layihəyə görə prezidentlərin yalnız üzləri deyil, həm də bədənlərinin yuxarı hissələri həkk olunmalı idi. Lakin maliyyə çatışmazlığı səbəbindən işlər 1941-ci ildə yarımçıq qalıb.

Trampın özü 2017-ci ildə izdiham qarşısında çıxış edərkən bu abidəyə əlavə olunmaq barədə "Mən Rəşmor dağında ola bilərəmmi?" deyə zarafat etmişdi. Daha sonra o, bu sözlərin tamamilə zarafat xarakteri daşıdığını və media tərəfindən yanlış təqdim edildiyini bildirmişdi.

"Problem ondadır ki, mən bunu sadəcə zarafat kimi desəm də, saxta media yazacaq ki, guya özümü Rəşmor dağında görmək istəyirəm", - Tramp vurğulamışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
18
olaylar.az

1Mənbələr