“Putin varsa, Rusiya var, Putin yoxdursa, Rusiya yoxdur”. Bunu hələ bir neçə il əvvəl Rusiya Dumasının sədri Vyaçeslav Volodin demişdi.
Bir çox eybəcərliklər kimi məddahlıqda da keçmiş SSRİ respublikaları arasında lider mövqelərində olan Rusiyada bu cür ifadələrə, xüsusilə də müharibə başlayandan bəri tez-tez rast gəlmək olar. Lakin Volodinin dediyi bu fikrə yalnız məddahlıq, yaltaqlıq nümunəsi kimi baxmaq da doğru olmazdı. Ən azından ona görə ki, Putinin 25 ilə yaxın davam edən idarəçiliyi və Ukraynaya qarşı başlatdığı işğalçılıq müharibəsi sayəsində doğrudan da Rusiyanın ondan sonrakı varlığı ciddi suallar yaradır…
Ukraynadakı müharibə elə bir nöqtəyə çatıb ki, onun davam etdirilməsi kimi, dayandırılması da Putin hakimiyyəti üçün ciddi risklər yaradır. Hətta demək olar ki, müharibənin dayandırılması onun hakimiyyətinə daha çox təhlükə yaradır, nəinki davam etdirilməsi. Putinin son açıqlamalarında Ukraynadakı hakimiyyətin “qeyri-legitimliyi” və digər bəhanələrlə danışıqların perspektivini sual altına alması da bununla əlaqələndirilir. Bu cür “bulanıq” və qeyri-müəyyən durumun yaranması əlbəttə ki, daha çox Putinin “əsəridir” və bu vəziyyət sonsuza qədər davam edə bilməz. Bu isə Rusiya elitalarını, hakimiyyətdə nüfuzu olan qruplaşmaları narahat edir. Son zamanlar Kremldə saraydaxili çevriliş, Putinin fiziki olaraq aradan qaldırılması cəhdi və s. bu kimi mövzularda informasiyaların, mülahizələrin, iddiaların çoxalması da bununla bağlıdır.
![](https://static.azpolitika.info/storage/news/7df280d5a98bdb890a905a0ef9fdace9/d544fa35-333c-45e3-a520-5973211b47f6.jpg)