Çin ordusunun 2024-cü ildən etibarən paytaxtı Pekinin cənub-qərbində dünyanın ən böyük ordu komandanlıq mərkəzini inşa etdiyi iddia edilib.
"Cebheinfo.az" xəbər verir ki, Böyük Britaniyanın “Financial Times” qəzeti peyk şəkillərinə və kəşfiyyat mənbələrinə istinadən Çinin öz ordusu üçün ötən ilin ortalarından Pekinin cənub-qərbində ordu komandanlığı mərkəzi tikdiyi ilə bağlı məlumat yayıb.
Qəzetin yazdığına görə, tikinti sahəsi artıq 6 kvadrat kilometrdən çox ərazini əhatə edir və potensial nüvə müharibəsi də daxil olmaqla, istənilən münaqişə zamanı Çin hərbi liderlərini qorumaq üçün yeraltı bunkerləri əhatə edəcək.
Gələcək mərkəzin Pentaqondan 10 dəfə böyük olacağı bildirilir.
Peyk görüntülərinə əsaslanaraq, qiymətləndirmədə əsas tikinti işlərinin 2024-cü ilin ortalarında başladığı bildirilir.
Hazırda sahədə görünən hər hansı bir hərbi varlıq yoxdur, lakin PUA uçuşlarına və ya fotoşəkil çəkməyə qarşı xəbərdarlıq işarələri var.