Seçkiqabağı kampaniyası dövründə Rusiyaya qarşı nisbətən mülayim mövqeyi ilə seçilən Donald Tramp indi Moskva qarşısına şərt qoyub. Məsələnin maraqlı tərəfi odur ki, ultimatum xarakterli bu çağırış sosial mediya üzərindən yayımlanıb.
Tramp hələ vəzifəsinin icrasına başlamamış onun komandası ilə Kreml rəsmiləri arasında danışırların aparıldığı haqqında məlumatlar var idi. Bu təmaslar Tramp səlahiyyətlərinin icrasına başladıqdan sonra daha da sürətlənib. Hətta Rusiya nümayəndə heyətinin Vaşinqtona getdiyi, müzakirələrin davam etdiyi deyilir. Kəşfiyyat məlumatları üzrə ixtisaslaşmış “Intelligence Online” saytının iddialarına görə, qapalı təmaslarda Trampın andiçməsindən bir ay sonra – fevral ayında Putinlə görüşün keçirilməsi və müharibənin bitirilməsi üzərində razılaşma əldə edilib. Hətta qarşıdakı həftələrdə ABŞ və Rusiya nümayəndələrinin Vaşinqtonda yenidən görüşəcəyi deyilir. Tərəflər arasında müsbət təmasların olduğu indiki şəraitdə Trampın belə bir açıqlama ilə çıxış etməsi şübhəsiz ki, Vaşinqton və Moskvanın müəyyən məsələlərdə anlaşa bilməməsindən qaynaqlanır. ABŞ Ukrayna rəhbərliyinə bunu qəbul etdirə bilib ki, danışırlar dövründə Rusiyanın ələ keçirdiyi ərazilər üzərində nəzarətini tanısın. Yəni sülh imzalanana qədər həmən bölgələr Rusiyanın əlində qalacaq. Kiyev artıq " Rus qoşunları ərazilərimizi tərk etmədən danışıqlara başlamayacağıq " demir. Yalnız bunun üçün təhlükəsizliyin verilməsini istəyir. Rusiya isə başqa bir tələb irəli sürür. Moskva Kiyevin NATO - ya üzv olmayacağı və bitərəfliyini qoruyacağı haqqında bəyanat verməsini, həmçinin Ukraynanın Qərb və Rusiya arasında tərəfsiz bölgə olmasına şərt kimi irəli sürür. ABŞ Rusiyaya bunları vermək niyyətində deyil. Donald Tramp Co Baydendən fərqli olaraq Ukraynanın silahlandırılmasını və Rusiyanın bu yolla sülhə məcbur edilməsini qəbul etmir. Ancaq bu ölkəyə ağır sanksiyaların tətbiq edilməsini də nəzərdən keçirir. Ehtimal ki, növbəti hədəf Rusiyanın neft sektoru olacaq. Trampın neftin qiymətini aşağı salmaq siyasəti də məhz Rusiyaya təzyiq vasitəsi kimi nəzərdə tutulub. Rusiyanın özündə bir çox ekspertlər hesab edir ki, Ukraynada əldə edilən indiki nəticə elə qələbə deməkdir və artıq əməliyyatları uzatmağın mənası yoxdur. Ehtimal ki, Kreml mövcud nəticə ilə qələbəni elan edərək müharibəni dayandıracaq və sülh danışıqlarına başlayacaq.
Zeynal Əmrəliyev
visiontv.az