AZ

Mendilibar: “Lazım olan qolları vurduq”

“Olimpiakos”un baş məşqçisi Xose Luis Mendilibar Avropa Liqasının Liqa mərhələsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, Yunanıstan və Azərbaycan təmsilçiləri arasında ötən gecə keçirilmiş oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçdan sonra Pirey klubunun ispaniyalı baş məşqçisi Xose Luis Mendilibar bunları söyləyib:

“Biz həmişə çalışmışıq ki, “Olimpiakos”u daha güclü komandaya çevirək. Elə oyunçular transfer edirik ki, nələrisə dəyişək, nələrisə yaxşılaşdıraq. Biz indi Yunanıstan çempionatında liderik. Avropa Liqasının Liqa mərhələsində çox güclü rəqiblərlə mübarizədə 7-ci olduq. Çox yaxşı heyətimiz var. Biz qarşıdakı matçlara köklənməliyik. Gəlin tələsməyək, oyun-oyun irəliləyək. Finala qədər keçməli olduğumuz mərhələlər var. Amma mən Bilbaoya qədər irəliləməyimizi istəyirəm. Görək hara qədər irəliləyə bilirik. Etiraf edək ki, turnirə heç də yaxşı başlamadıq. Lion “Olimpik”inə 0:2 hesabı ilə uduzduğumuz gün heç də yaxşı deyildik. Hətta bəxtimiz gətirdi ki, daha çox top buraxmadıq. Bundan sonra toparlanaraq birləşə bildik. Lazım olan qolları vurduq və bu mərhələdə 7-ci yeri tutduq”.

Bu oyunda dubla imza atan “Olimpiakos”un futbolçusu Ayub Əl-Kaabi də düşüncələrini paylaşıb:

“Çox vacib qələbə qazandıq. Birbaşa 1/8 finala vəsiqə qazanmağı bacardıq. Qarşıdakı bir oyuna baxa-baxa irəliləyirik. “Olimpiakos” böyük tarixə malik komandadır. Əla oyunçularımız və möhtəşəm azarkeşlərimiz var. Hamımız istəyirik və inanırıq ki, Avropa Liqasının qalibi ola bilərik. Niyə də olmasın?”

“Olimpiakos”un futbolçusu Kristofer Velde də matçla bağlı fikirlərini bölüşüb:

“Bu qələbə üçün çox şadıq. Çünki bununla da əsas hədəfimizə çatıb 1/8 finala bırbaşa vəsiqə qazandıq. Çox güclü rəqabətə davamlı komandamız var. Baş məşqçimizin rəhbərliyi altında yetərincə yaxşı oyunçular toplaşıb ki, onun seçim imkanları genişdir. Ola bilər ki, biz həmişə baxımlı futbol oynamırıq. Amma qol vururuq. Futbolçularımız həmişə meydanda bir-birinə kömək etməyə hazırdırlar. Biz özümüzə, imkanlarımıza inanırıq. Həmişə qələbə üçün oynayırıq”.

Xatırladaq ki, “Olimpiakos” Liqa mərhələsində 7-ci, “Qarabağ” 36-cı yeri tutub. “Olimpiakos” ötən mövsüm Avropa Konfrans Liqasının qalibi olub.

Seçilən
37
arena.az

1Mənbələr