ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Çinin Vaşinqton və Pekin arasında münaqişə yaranacağı təqdirdə Panama kanalını bağlamaq planının olduğuna şübhə etmir.
Onun sözlərinə görə, ABŞ bunu milli təhlükəsizliyə təhdid kimi qiymətləndirir. “Əgər Çin hökuməti münaqişədə onlardan (Panama kanalına bitişik, Honq-Konq şirkəti CK Hutchison Holdings Ltd.-nin nəzarətində olan limanlar) Panama kanalını bağlamağı tələb edərsə, bunu etməli olacaqlar”, – Marko Rubio “Megyn Kelly Show” proqramında bildirib. “Və həqiqətən də şübhə etmirəm ki, onların (Çin hökumətinin) fövqəladə vəziyyət planı var. “Bu, birbaşa təhdiddir” – deyib.
Marko Rubio müvafiq açıqlamaları Panama səfəri ilə açacağı Latın Amerikasına səfəri ərəfəsində verib. “Reuters”in xəbər verdiyi kimi, səfər gələn həftəsonuna planlaşdırılıb və bu, Rubionun yeni Amerika administrasiyasında dövlət katibi kimi ilk rəsmi xarici səfəri olacaq.
Xatırladaq ki, Donald Tramp dəfələrlə həm seçki kampaniyası zamanı, həm də seçkidən sonra Panama kanalına nəzarəti Çinin əlindən almaq niyyətində olduğunu bildirib.
//Samir Qurbanov, Editor.az