AZ

Oljas Bektenov: "Süni intellektin tətbiqi Qazaxıstanda ÜDM-in illik 2-3 % artımını təmin edəcək"

Rəqəmsal texnologiyaların tətbiqi Ümumi Daxili Məhsulun (ÜDM) illik 2-3 % artımını təmin edəcək ki, bu da süni intellektin iqtisadi inkişafda həlledici rolunu müəyyən edir.

“Report”un Qazaxıstan bürosu xəbər verir ki, bunu ölkənin Baş naziri Oljas Bektenov Almatıda keçirilən "Digital Almaty 2025: Industrial AI: yeni era üçün texnologiyalar" mövzusunda Beynəlxalq Rəqəmsal Forumda bildirib.

O qeyd edib ki, cari ildə Astanada Alem.ai Beynəlxalq Süni İntellekt Mərkəzinin açılışı olacaq.

"Bu, aparıcı İT şirkətlərini, tədqiqat laboratoriyalarını, startapları və təhsil proqramlarını birgə həllər hazırlamaq üçün vahid platformada birləşdirməyə imkan verəcək", - O.Bektenov qeyd edib.

Süni intellekt sahəsində mütəxəssislərin hazırlanmasının vacibliyindən danışan Baş nazir bunun Qazaxıstanın strateji prioritetlərindən biri olduğunu vurğulayıb.

"Növbəti 5 ildə dövlət qulluqçuları tam əhatə olunmaqla 1 milyon nəfərin təlimi planlaşdırılır. Bu istiqamətdə iş aparılır. Məsələn, ötən il Qazaxıstanda məşhur fransız pedaqoq Nikolya Sadirakla birgə Tomorrow School süni intellekt məktəbi açılıb", - o bildirib.

O.Bektenov vurğulayıb ki, Qazaxıstanda süni intellektin inkişafı üçün institusional bazanın formalaşdırılması çərçivəsində müvafiq Konsepsiya təsdiqlənib və bu, Milli Süni İntellekt Strategiyasının hazırlanması üçün başlanğıc nöqtəsi olub.

"İnnovasiyalar üçün əlverişli hüquqi mühitin yaradılmasını nəzərdə tutan qanun layihəsi hazırlanıb. Əlavə olaraq, Qazaxıstan Respublikası Prezidenti yanında Süni İntellektin İnkişafı üzrə Şura yaradılır. Bu Şura qabaqcıl texnologiyaların tətbiqi üçün yerli və beynəlxalq ekspertləri bir araya gətirəcək", - o əlavə edib.

Baş nazir həmçinin forum iştirakçılarının diqqətini süni intellektin inkişafının əmək bazarına təsiri ilə bağlı çağırışlara, mütəxəssislərin yenidən hazırlanmasının zəruriliyinə, etika məsələlərinə və texnologiyalara bərabər çıxışın təmin edilməsinə yönəldib.

Seçilən
56
10
report.az

10Mənbələr