Şimali Koreya Ukraynaya qarşı müharibədə Rusiyaya kömək etmək üçün ən yaxşı qoşunlarını göndərib. Amma bir neçə aylıq ağır itkilərdən sonra onlar cəbhə xəttindən çıxarılıblar. “The New York Times”ın Ukrayna və Amerika rəsmilərinə istinadən yazdığı kimi, Şimali Koreya əsgərləri təxminən iki həftədir cəbhədə görünmürlər.
Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırskinin məlumatına görə, cəmi üç ay ərzində Şimali Koreya qoşunlarının sayı iki dəfə azalıb. Şimali Koreyalılara qarşı döyüşən ukraynalı döyüşçülər onları şiddətli döyüşçülər kimi təsvir edirlər. Lakin onların sıralarında qeyri-mütəşəkkillik və rus bölmələri ilə hərəkətlərin əlaqələndirilməməsi tez bir zamanda itkilərin artmasına səbəb oldu.
Ukrayna rəsmiləri və hərbçilərinin sözlərinə görə, “Döyüş meydanına gəldikləri andan Şimali Koreya əsgərləri özlərini idarə etməyə buraxılıb, az zirehlə irəliləyir və nadir hallarda yenidən qruplaşmaq və ya geri çəkilmək üçün dayanırdılar,”- “NYT” yazır.
Eyni zamanda Amerika rəsmiləri Şimali Koreya qoşunlarının cəbhə xəttindən çıxarılması qərarının daimi olmaya biləcəyini bildiriblər: “Onların sözlərinə görə, Şimali Koreyalılar əlavə təlim keçdikdən sonra və ya ruslar belə ağır itkilərdən yayınmaq üçün onları yerləşdirməyin yeni yollarını tapdıqdan sonra geri qayıda bilərlər”.
Nəşrin qeyd etdiyi kimi, çox güman ki, Kim Çen Inın Kurskda Rusiyaya yardım etməkdə öz motivləri var. ABŞ rəsmilərinin sözlərinə görə, o, Putinin gələcəkdə Şimali Koreyanın raket proqramlarına yardım və BMT-də diplomatik dəstək verməklə onun əvəzini ödəyəcəyinə ümid edir.
Almaz Həsənli