Harvard professorunun sözlərinə görə, o dövrdə Qeytsin şirkətinə sərmayə yatırmaq lazım idi.
Bill Qeyts Harvardda cəmi üç semestr oxuyub, sonra isə 1975-ci ildə universiteti tərk edərək "Microsoft"u qurub. Bununla belə, o, professorların yaddaşında dərin iz qoymağa müvəffəq olub.
Valyuta.az xəbər verir ki, bu barədə CNBC yazıb.
Harvardın keçmiş tətbiqi riyaziyyat professoru Harri Lüis Bill Qeytsi maraqlı, yetkin və çətin tapşırıqları həll etməyə can atan bir tələbə kimi xatırlayır.
"O, həmişə çətinliklər axtarırdı. O gedəndə təəccüblənmədim – sadəcə ona sərmayə yatırmaq istədim", deyə Lüis "The Times" qəzetinə müsahibəsində bildirib..
Universiteti tərk etdikdən sonra Bill Qeyts proqram təminatı sahəsində fəaliyyət göstərən bir startap - "Microsoft" üzərində işləməyə başlayıb. Şirkət sürətlə böyüyüb və Bill Qeyts 31 yaşında milyarder olub. Hazırda "Microsoft"un bazar dəyəri 3,2 trilyon dollara yaxın, Bill Qeytsin sərvəti isə 108,7 milyard dollar həcmində qiymətləndirilir.
CNBC hesablamalarına görə, əgər Lüis 1986-cı ildə "Microsoft"un birja siyahısına daxil olduğu vaxt şirkətin səhmlərinə 100 dollar sərmayə yatırsaydı, bu gün onun sərmayəsi təxminən 650 000 dollar olardı.
Harvardda təhsil aldığı müddətdə Bill Qeyts riyaziyyat sahəsində bacarığı ondan üstün olan tələbələrlə qarşılaşıb ki, bu da onun üçün ciddi sınaq olub. O, əlavə dərslər götürərək və yüzlərlə saatını kompüter laboratoriyasında keçirərək böyük səylər göstərdiyini xatırlayır.
"Bu, elə bir hiss idi ki, "Aman Tanrım... bəlkə də məndən daha yaxşı riyaziyyatçılar var", deyə Bill Qeyts "The Times" qəzetinə müsahibəsində bildirib.
O, həmçinin "İlkin kod" adlı memuarlarını nəşr edəcəyini və "Microsoft"u yaratmazdan əvvəlki həyatından bəhs edəcəyini açıqlayıb.
Harri Lüisin fikrincə, Bill Qeyts riyaziyyat sahəsində peşəkar karyera qura bilərdi, əgər özü istəsəydi. Professor onu çətin məsələləri həll etmək bacarığı ilə seçilən bir tələbə kimi təsvir edir: "İlk gün tələbələrə "pankek məsələsi"ni təqdim etdim. İki gün sonra o gəlib mənə dedi ki, məsələni daha yaxşı həll edə bilib".
Bu həll 1979-cu ildə elmi məqalə şəklində dərc edilib. Yalnız 2008-ci ildə tədqiqatçılar Bill Qeytsin metodunu daha da təkmilləşdirməyə müvəffəq olublar - maraqlıdır ki, bunun mümkün olmasında məhz Bill Qeytsin qurduğu kompüter sənayesi mühüm rol oynayıb.
"Onlar heç vaxt belə təhlil aparmazdılar, əgər Bill Qeyts son 30 ildə kompüter sənayesini inkişaf etdirməsəydi", deyə Lüis qeyd edib.
Paşa Məmmədli