AZ

Müqamət Əliyev: "Azərbaycanı qoruyub yaşatmaq gənclərdən və liderlərdən asılıdır"

Gənc Vətənpərvərlər İctimai Birliyinin sədri, karate üzrə Azərbaycan fəxri bədən tərbiyəsi və idman işçisi, Gömrük Komitəsi yanında İctimai Şuranın üzvü Müqamət Süleyman oğlu Əliyev (Muğan) Azərbaycanın sülhsevər və dost ölkə olduğunu vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan inkişaf etmiş dövlətlərlə dostluq və əməkdaşlıq əlaqələri qurur: "Ulu öndərimiz, Allah rəhmət eləsin, bildirirdi ki, müstəqil Azərbaycan dövlətini qurmaq asandır, onu qoruyub yaşatmaq isə çətindir. Bu məsuliyyət gənclərin və liderlərin üzərinə düşür. Cənab Prezidentimizin siyasəti sayəsində Azərbaycan dünya miqyasında tanınır, üçrəngli bayrağımız yüksəklərə qalxır. Biz də gənclər günü ilə bağlı hər şeyin ən yaxşısını götürməliyik".

Müqamət Əliyev vurğulayıb ki, gənclərin maarifləndirilməsi olduqca vacibdir: "Qərbdə təhsil almaq mümkündür, lakin pis vərdişləri ölkəmizə gətirib yaymaq doğru deyil. Bu baxımdan gənclərimizin hərtərəfli biliklərə sahib olması və vətənpərvər ruhda yetişməsi mühüm əhəmiyyət kəsb edir. Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar, qeyri-hökumət təşkilatları və gənclər təşkilatları dövlətə və dövlətçiliyə sədaqətlə xidmət etməlidir".

Müqamət Əliyev Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparmış şəxsləri də xatırladıb: "Məmməd Əmin Rəsulzadə Azərbaycanın dövlət müstəqilliyi uğrunda böyük addımlar atıb. Eyni zamanda, 1918-ci ildən 1933-cü ilə qədər müstəqil Azərbaycanın yaşaması üçün çalışan Qaramanlı Qanbayovun şücaəti Mustafa Kamal Atatürk tərəfindən yüksək qiymətləndirilib və ona mauzer silahı hədiyyə edilib. O, bütün həyatını müstəqil Azərbaycanın bərpasına həsr edib və Şura hökumətinə qarşı mübarizə aparıb".

Müqamət Əliyev qeyd edib ki, Azərbaycanın müstəqilliyini qorumaq və gücləndirmək hər bir vətəndaşın borcudur: "44 günlük Vətən müharibəsində xalq birliyi nümayiş etdirdi və cənab Prezidentin rəhbərliyi ilə tarixi zəfər qazandıq. Biz hər zaman bir yerdə olmalı, Prezidentimizin daxili və xarici siyasətini dəstəkləməliyik" – deyə o fikirlərini tamamlayıb.

 

 

Pərvanə Fərhadqızı

QHT.az

Seçilən
61
qht.az

1Mənbələr