AZ

Millinin həndbolçusu: "Demişdim ki, lazım olsa, müharibəyə də gedərəm"

"Ağdam işğal olanda beş aylıq idim. Kədərli olsa da, ailəmlə birgə doğma torpağımızı tərk etdik".

İdman.biz xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında əslən Ağdamdan olan qadın həndbolçulardan ibarət Azərbaycan millisinin üzvü Günel Əliyeva deyib.

O, hər zaman doğma şəhərini görmək arzusunda olduğunu bildirib: "Oraya səfər etmək qismət olmayıb. Anam köhnə xatirələri yada salıb pis olmamaq üçün getmir. O, mənə Ağdamın gözəl olduğunu danışırdı. Uşaq vaxtı onun dediklərini beynimdə təsvir edirdim. Təəssüf ki, köç zamanı bir çox əşyalar orada qaldı. Bakıda müvəqqəti sığınacaqla təmin olunduq. Anam bundan bir neçə gün sonra Ağdama qayıdaraq, evimizdə olan bəzi əşyaları götürmüşdü".

Onun sözlərinə görə, Ağdam həmişə Azərbaycanın inkişaf etmiş şəhərləri arasında olub: "Ərazimiz kiçik olsa da, orada bütün sahələr yüksək səviyyədə inkişaf edib. Ağdam sənaye şəhəridir. Ailəm hər zaman bunları vurğulayırdı. Prezident İlham Əliyev ağdamlıların rifahı üçün çox işlər görüb və bunu da davam etdirir”.

“Azərbaycan Respublikasının İdman Ustası” dərəcəsinə layiq görülmüş 33 yaşlı həndbolçu Prezident İlham Əliyevin Şuşanın azad olunduğu elan etdiyi zaman qəlbində Ağdamın da tezliklə geri qayıdacağına inam hiss yarandığını söyləyib: "Çox ağlamışdım. Bilirdim ki, Şuşa geri döndüsə, Ağdam da bizim olacaq. Əvvəllər köhnə şəkillərə baxdığım zaman fikirləşirdim ki, görəsən, doğma torpaqlarımıza qayıda biləcəyik? Anam və xalam buna çox inanırdı. Hətta həndbolla məşğul olmağa başlayanda hər kəs mənim qaçqın statusunda görürdü. Vətənimi çox sevirəm, o vaxt demişdim ki, lazım olsa, müharibəyə də gedərəm. Sonda dövlətin uğurlu siyasəti, şəhid və qazilərimizin canı, qanı bahasına həmin torpaqlar düşməndən azad olundu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qısa vaxt ərzində azad olunan ərazilərdə tikinti işləri başlanıldı. Hazırda Ağdamda da böyük quruculuq işləri həyata keçirilir. Buna görə ona dərin təşəkkür edirik".

Günel Əliyeva doğma yurduna geri dönərək, orada idmanı təbliğ etmək arzusunda olduğunu deyib.

Qeyd edək ki, Günel Əliyevə dəfələrlə ölkə çempionu və kubokunun qalibi olub. O, Azərbaycan millisinin heyətində İslam Həmrəyliyi Oyunlarında iştirak edib.

İdman.biz

Seçilən
36
idman.biz

1Mənbələr