“Hesablamalara görə, ictimai nəqliyyatda rentabellik çox yüksək olmur. Bu sahədən təxminən 6-7 faiz mənfəət əldə etmək olur. Çünki sözügedən sektorda çoxlu xərclər var”.
Bunu Hafta.az-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert, texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Fərhad Eyyubov deyib.
Onun sözlərinə görə, nəqliyyat sahəsində sabit və dəyişən xərclər deyilən anlayış var: “Yəni biri var ki, ümumi əməkhaqqı,avtobusların alınması və s. Bir də var ki, sürücülərin əməkhaqqısı, yanacaq, istismar xərcləri və s. Bunlar hər biri nəzərə alınaraq müvafiq metodologiya əsasında hesablama aparılır. Təbii ki, hesablama prosesi şəffaf aparılmalıdır. Tutaq ki, 300-400 min manata alınan avtobuslarda gedişhaqqı necə ucuz ola bilər? Həmin avtobusların dəyəri 10 ilə ödənilməlidir, axı. Eyni zamanda, burada həm də sabit və dəyişən xərclər var. Ona görə də bu sahədə tariflərin aşağı salınması qətiyyən gözlənilən deyil. Biz arzu edək ki, indiki şəraitdə artım baş verməsin. Metroya gəlincə, qeyd edim ki, ən çox əsaslı vəsait qoyuluşu məhz bu sahəyə yönəldilir. Hesablamalarıma əsasən, hazırda metroda daşımalara görə, qiymətlər normaldır. Bu sahədə qiymətlərin aşağı salınması metronun həddindən artıq pis vəziyyətə düşməsi deməkdir. Bu istiqamətdə inkişaf əldə etmək üçün gəlir olmalıdır”.
Ekspert həmçinin vurğulayıb ki, ictimai nəqliyyatda keyfiyyətin yüksəldilməsi bu sahəyə ayrılan vəsaitin düzgün formada xərclənməsindən asılıdır. Onun sözlərinə görə, paytaxtda bir sərnişinin daşınma xərci istifadə etdiyi nəqliyyat vasitəsinə görə dəyişir: “Bura 4 əsas göstərici daxildir. Birincisi, nəqliyyat vasitələrinin tutumu, yəni dolma əmsalı. Nəqliyyat vasitələrinin dolma əmsalı marşrutda olan nəqliyyat vasitələrinin sayından asılıdır. Əgər o, çox deyilsə, tutum məsəl üçün səhər-axşam pik vaxtlarda çox olur. Yəni insanlar bu vaxt çox əziyyət çəkirlər. İkinci göstərici müntəzəmlikdir, yəni marşrutlararası intervaldır. Müntəzəmlik, yəni bir dayanacaqdan eyni marşrutlu avtobusların bir-biri arasındakı vaxtdır. Müntəzəmlik pozulmamalıdır”.
Ekspert deyib ki, müntəzəmliyin pozulmaması üçün tıxacların aradan qaldırılması lazımdır. Avtobus marşrutları üçün əlavə zolaq var. Tıxac olsa, deməli, müntəzəmlik pozulur. “Müntəzəmlik məsələsi bəzən avtobuslardan asılı deyil. Üçüncü məqam isə keyfiyyət məsələsində bir sərnişinin təyinat yerinə, yəni səhər evdən işə, işdən evə yaxud digər yerlərə getmə müddətidir. Nəhayət, dördüncü məsələ təhlükəsizliyin təmin olunmasıdır. Çünki insanlar bəzi vaxtlarda avtobuslarda başqa yerdə zədələnirlər, travma alırlar və sair. Bu da keyfiyyətin əsas göstəricilərindən biridir. İndi bizdə avtobuslarda o qədər çox təhlükə yoxdur. Deməli, avtobusun tutumundan istifadəsi, müntəzəmlik, insanların nəqliyyata sərf etdiyi vaxt və təhlükəsizlik məsələləri bir yerdə hərəsinin ayrıca əmsalları var. Bu nöqteyi-nəzərdən sözügedən məsələ kompleks yanaşma tələb edir. İndi gedişhaqqı şəhərdaxilində əsasən 50 qəpikdir. Amma elə nəqliyyat vasitəsi var ki, orada bir sərnişinin daşınma xərci 1 manata başa gəlir. Elə nəqliyyat vasitəsi də var ki, 30 qəpiyə başa gəlir. Yəni, xidmət keyfiyyəti artdıqca maya dəyəri yüksəlir", - o deyib.