İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının üzvü, "Könül Evi Aztəminatlı Ailələrə Yardım” İctimai Birliyinin sədri Ruxsarə Axundova QHT.az-a açıqlamasında insan alverinə qarşı mübarizədə erkən maarifləndirmənin vacibliyini vurğulayıb.
O, qeyd edib ki, maarifləndirmə işi ildə bir dəfə hansısa müəssisədə keçirilən tədbirlərlə məhdudlaşmamalıdır. Bu proses ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərini, təhsil müəssisələrində oxuyan gənc qız və oğlanları əhatə etməli, onlara risklər barədə vaxtında məlumat verilməlidir.
“Maarifləndirmə işinə 19-20 yaşdan başlamağın heç bir effekti olmaz. Bu iş ən gənc yaşlardan düzgün istiqamətləndirilməli, qızlara düzgün yol göstərilməli və tərbiyə prosesi erkən yaşlardan formalaşmalıdır. Uzun illər təhsil sahəsində çalışmış biri kimi təcrübəmdən bilirəm ki, erkən maarifləndirmə mühüm əhəmiyyət daşıyır”, – deyə Ruxsarə Axundova bildirib.
O, həmçinin aztəminatlı ailələrin vəziyyətinə diqqət yetirilməsinin və onların məşğulluğunun təmin edilməsinin vacibliyini qeyd edib. Xüsusilə, ailələrdəki qızların peşə təhsili alması və işlə təmin olunması bu sahədə mühüm addımlardan biri kimi qiymətləndirilib.
Ruxsarə Axundova vurğulayıb ki, insan alverinə qarşı mübarizə təkcə Daxili İşlər Nazirliyinin və ya Koalisiyanın işi deyil, bu proses Elm və Təhsil Nazirliyi, Miqrasiya Xidməti və digər aidiyyəti qurumlarla birgə həyata keçirilməlidir. “Çünki gənclər bizim gələcəyimizdir və onları qorumaq hamımızın vəzifəsidir”, – deyə o əlavə edib.
Pərvanə Fərhadqızı