AZ

Paulo Fonseka rəsmən Lion “Olimpik”ində

Portuqaliyalı futbol mütəxəssisi Paulo Fonseka Fransanın “Olimpik” (Lion) komandasının baş məşqçisi vəzifəsinə təyin olunub.

Arena.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Portuqaliyalı mütəxəssis bu vəzifədə bir neçə gün öncə istefaya göndərilmiş Pyer Sajı əvəzləyib. Onunla 2027-ci ilin 30 iyununa qədər nəzərdə tutulmuş müqavilə imzalanıb.

Xatırladaq ki, Pyer Saj Lion “Olimpik”inin sükanı arxasına 2023-cü ilin noyabr ayının 30-da italyan mütəxəssis Fabio Qrossonun (Qrosso) istefaya göndəriməsilə, baş məşqçi səlahiyyətlərinin müvəqqəti icraçısı olaraq gətirilmişdi. 2024-cü ilin yanvar ayında isə, özünü sübut etmiş Saj “Olimpik”in sükanı arxasına baş məşqçi olaraq rəsmi təyinat almışdı. Lion təmsilçisi Sajın məşqçilik təcrübəsində ilk ciddi sınaq idi.

45 yaşlı mütəxəssis bu müddətdə “Olimpik”i 56 oyuna çıxarıb, 33 qələbə, 9 heç-heçə, 14 məğlubiyyət yaşayıb. Pyer Sajın rəhbərliyi altında “uşaqlar”ın top fərqi isə 106:78 nisbətindədir.

Cari mövsümdə keçirdiyi 19 oyunda 30 xal toplamış “Olimpik” Fransa Liqa 1-in yarış cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Paulo Fonsekanın sonuncu iş yeri isə “Milan” olub. İtaliya klubu onu 2024-cü ilin dekabrın 29-da istefaya göndərib. Paulo Fonseka 2024-cü ilin iyul ayından “Milan”ı çalışdırırdı. “Milan”ın portuqal mütəxəssislə 3 illik – müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi vardı.

Fonseka “rossoneri”ni ümumilikdə 24 oyuna çıxarıb. “Milan” bu oyunlarda 12 qələbə qazanıb, 6 heç-heçə edib, 6 məğlubiyyətə üzülüb.

Məşqçilik fəaliyyəti ərzində Paulu Fonseka “Eştrela da Amadora”, “Aveş”, “Pasuş de Ferreyra”, “Portu”, “Braqa”, “Şaxtyor” (Donetsk), “Roma” və “Lill” komandalarını da çalışdırıb. Portuqal mütəxəssis sərt nizam-intizamı, yaradıcı yanaşması ilə diqqət çəkir.

Seçilən
27
arena.az

1Mənbələr