AZ

Ermənistan Azərbaycana dəmir yolu əlaqəsi təqdim etməyə hazırdır – Nikol Paşinyan

Ermənistan Azərbaycana Naxçıvana yük daşımaları üçün dəmir yolu əlaqəsi təqdim etməyə hazırdır. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.

"Biz Azərbaycana konkret təklif vermişik – bu, həm Ermənistanın, həm də Azərbaycanın mövqeyini nəzərə alan bir həll yoludur. Biz təklif etdik ki, Azərbaycandan Naxçıvana və əks istiqamətdə yük daşımaları Ermənistan ərazisindən, Mehri vasitəsilə həyata keçirilsin. Çünki Azərbaycanla dəmir yolunun digər hissələrinin – xüsusilə Tavuş bölgəsində – bərpası böyük sərmayə tələb edir. Lakin eyni prinsip əsasında: Yerasxdan Mehriyə, oradan isə Naxçıvana" –  Paşinyan bildirib.

Bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev bəyan edib ki, Ermənistan Türkiyə və Azərbaycan arasında birbaşa quru yolunun yaradılmasına mane olmamalıdır.

"Niyə biz Naxçıvana – Azərbaycanın ayrılmaz hissəsinə – başqa yollarla getməliyik? Bizim birbaşa əlaqəmiz olmalıdır və bu əlaqə Ermənistanın suverenliyini şübhə altına almır", – Azərbaycan Prezidenti bildirib.

Ermənistan Zəngəzur dəhlizinin açılması tələbinə cavab olaraq "sadələşdirilmiş tranzit prosedurlarını" təklif edir. 

Yanvarın 30-da Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bəyan edib ki, Bakıdan Zəngəzur dəhlizinin açılması tələbinə cavab olaraq Yerevan "sadələşdirilmiş tranzit prosedurlarını" təklif edir.

"Ermənistan Azərbaycanla kommunikasiyaların açılmasından sonra sadələşdirilmiş tranzit prosedurlarının tətbiqini müzakirə etməyə hazırdır", – Mirzoyan bildirib.
 
Ermənistanın XİN rəhbərinin sözlərinə görə, Yerevan artıq Bakıya "konstruktiv təkliflər" təqdim edib və cavab gözləyir.

N.Təbrizli
www.anews.az
Seçilən
10
anews.az

1Mənbələr