AZ

"İnsan alveri ilə mübarizədə preventiv tədbirlər gücləndirilməlidir" - Zenfira Mustafayeva

İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının üzvü, Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin rəhbəri Zenfira Mustafayeva insan alverinə qarşı mübarizənin əsas məqsədinin insanların istismara cəlb olunmasının qarşısını almaq olduğunu bildirib.

O, QHT.az-a açıqlamasında insan alveri qurbanlarını tora salan şəxslərin müxtəlif hiylələrdən istifadə etdiyini vurğulayıb: “Onlar insanlara yalan vədlər verirlər, saxta iş elanları paylaşır, internetdə saxta saytlar açır, hətta saxta işəgötürmə agentlikləri yaradırlar. Bu yaxınlarda belə bir elanla bağlı Koalisiyanın üzvlərinin çevik reaksiyası nəticəsində onun saxta olduğu müəyyən edildi. Adətən uşaq dayəliyi, xəstə baxıcılığı, evlərdə yardımçı işlər, ofisiantlıq, model və rəqqasə kimi işlər adı altında insan alverinə cəlbetmə halları baş verir”, – deyə o qeyd edib.

Zenfira Mustafayeva insan alverinə qarşı mübarizədə maarifləndirmənin vacibliyini vurğulayaraq, bu istiqamətdə fəaliyyətlərin təhsil müəssisələrində, kolleclərdə, universitetlərdə, idarə və müəssisələrdə davamlı şəkildə aparılmalı olduğunu bildirib.

O, həmçinin Koalisiyanın nəzdində fəaliyyət göstərəcək regional koordinatorların əsas məqsədinin maarifləndirmə işlərini regionlarda daha da gücləndirmək olduğunu qeyd edib. “İnsan alverinə qarşı effektiv mübarizə üçün Koalisiyanın üzvləri ilə birlikdə geniş maarifləndirmə tədbirləri həyata keçirməliyik”, – deyə o əlavə edib.

 

İnsan Bu yazı QHT.az platforması və İnsan Alverinə Qarşı Mübarizə Üzrə QHT Koalisiyasının birgə əməkdaşlığı ilə “Ölkələrdə Milli Səviyyədə İnsan Alveri Probleminin Qarşısının Alınması Aylığı”çərçivəsində hazırlanıb.

Pərvanə Fərhadqızı

Seçilən
22
qht.az

1Mənbələr