AZ

Qərb Cənubi Qafqazla bağlı öz məkrli planlarından ƏL ÇƏKMİR: “Rəsmi Bakının bu məsələyə reaksiyası daha da sərtləşəcək”

“Avropa Birliyinin mülki müşahidə missiyası bütövlükdə qərb ölkələrinin hərbi kəşfiyyat əməkdaşları tərəfindən formalaşdırılıb. Bu cəsus heyəti Azərbaycan, Türkiyə, Rusiya və İran haqqında kəşfiyyat materialları toplamaqla məşğuldur”.

Bunu Editor.az-a açıqlamasında siyasi analitik Elçin Xalidbəyli deyib.

E. Xalidbəyli bildirib ki, Avropa Birliyi müşahidə missiyanın Ermənistanda qalmasında maraqlıdır:

“Yəqin ki, Avropa Birliyi uzun müddət bu missiyanın Ermənistanda saxlanılması ilə bağlı müddəti uzatmağa cəhd göstərəcək. Hələ ki, növbəti iki il üçün bu missiyanın fəaliyyəti təsdiqlənib. Belə ki, daha iki il casus şəbəkəsi kəşfiyyat materialları toplamaqla məşğul olacaq. Əslində Avropa Birliyinin mülki missiyası tərəflər arasında atəşkəsin qorunmasını müşahidə etməli idi. Ancaq reallıqda bu tamamilə əksi olaraq hərbi-siyasi məqsədlər güdür. Müşahidə olunan ondan ibarətdir ki, Avropa Birliyi bu missiyanı Ermənistanda saxlamaqla Cənubi Qafqazdakı sülh prosesini dəstəkləmək kimi hər hansı bir niyyəti yoxdur. Əksinə mümkün qədər qarşıdurmanın yaradılması, gərginliyin ən yüksək həddə çatdırılması və qarşıdurma mühitinin qəlizləşdirilməsi ilə hədəflərinə çatmağa çalışır”.

E. Xalidbəylinin sözlərinə görə, Ermənistanda fəaliyyət göstərən mülki müşahidə missiya Avropa Birliyinin Cənubi Qafqazda mövcudluğu ilə bağlı mexanizm rolunu oynayır:

“Yəni, belə anlaşılır ki, Qərb Cənubi Qafqazdakı sülh prosesi ilə bağlı manipulyasiyalarla məşğuldur. Bu manipulyasiyalar da birmənalı şəkildə qərb siyasi dairələrinin maraqları çərçivəsində reallaşdırılır. Rəsmi Bakı baş verənlərə etiraz etməkdə tamamilə haqlıdır. Rəsmi Bakı hesab edir ki, bu missiyaya qətiyyən ehtiyac yoxdur. Əgər atəşkəsdən və sülh prosesindən söhbət gedirsə, bu missiyanın Ermənistanda, ümumiyyətlə Cənubi Qafqazda fəaliyyəti Azərbaycanın da razılığı ilə olmalı idi. Hazırda missiya birtərəfli olaraq Ermənistanın razılığı ilə fəaliyyət göstərir. Hətta bəzi ehtimallara görə, Avropa Birliyi yaxın gələcəkdə bu missiyanı ümumiyyətlə NATO-nun hərbi qurumuna çevirə bilər. Yəni, adı “mülki müşahidə missiya”olan bu qurum yaxın gələcəkdə hərbi funksionallıq qazana bilər. Əgər belə bir addım atılarsa bu, Cənubi Qafqaza qarşı Qərb siyasi dairələrinin olduqca məkrli planlarına hədəflənmiş olacaq. Yəqin ki, yaxın gələcəkdə rəsmi Bakının bu məsələyə reaksiyası daha da sərtləşəcək, indi tələb etdiyi kimi Avropa Birliyinin mülki missiyasının dərhal çıxarılması ilə bağlı tələblər daha israrlı xarakter daşıyacaq”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
35
editor.az

1Mənbələr