Futbol üzrə Argentina millisinin sabiq çalışdırıcısı Xorxe Sampaoli Fransanın “Renn” komandasının baş məşqçisi vəzifəsindən ayrılıb.
Arena.az xəbər verir ki, Liqa 1 təmsilçisi argentinalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyini açıqlayıb.
İstefaya komandanın uğursuz çıxışı səbəb olub. Onun rəhbərliyi ilə 10 oyun keçirən “Renn” 3 qələbə qazanıb və beşi ardıcıl olmaqla 7 dəfə uduzub.
Argentinalı mütəxəssis 2024-cü ilin noyabr ayında “Renn”in baş məşqçisi təyin olunmuşdu. 64 yaşlı məşqçinin klubla müqaviləsinin müddəti 2026-cı ilin 30 iyununa qədər nəzərdə tutulmuşdu. Amma göründüyü kimi, Sampaoli postu ilə erkən vidalaşmalı olub.
Artıq Liqa 1 təmsilçisinin yeni baş məşqçisi də məlumdur. Mövsümün sonuna kimi “Renn”i seneqallı Habib Beye çalışdıracaq. Nəticələr qənaətbəxş olsa, bu mütəxəssislə müqavilənin müddəti daha bir il uzadıla bilər.
Habib Beye buna qədər yalnız Fransanın “Red Star” klubunda həm köməkçi, həm də baş məşqçi kimi çalışıb. 47 yaşlı mütəxəssisin məşqçilik kayrerasında heç bir uğuru yoxdur.
Qeyd edək ki, “Renn” hazırda 17 xalla Fransa Liqa 1-in yarış cədvəlində 16-cı yerdə qərarlaşıb. Komanda 2024/2025-ci illər mövsümündə keçirdiyi 19 oyunda 5 qələbə qazanıb, 2 heç-heçə edib, 12 məğlubiyyətə üzülüb.
Xorxe Sampaoli daha öncə “Sevilya”, “Atlletiko Mineyro”, “Olimpik” (Marsel), “Santos”, “Universidad de Çili”, “Emelek”, “Flamenqo” kimi klublarda da baş məşqçi kimi çalışıb. O, Çili və Argentina yığmalarına da rəhbərlik edib.