Bir neçə gün öncə xəbər saytları və sosial şəbəkələr tərəfindən “Deputat köməkçisi vətəndaşın adından kredit götürüb” başlığı altında paylaşılan xəbərlərə Millət vəkili Sabir Hacıyevin köməkçisi Əli Qafarov tərəfindən münasibət bildirilib.
Əli Qafarov Heftelik.az-a bildirib ki, Balakən sakini Ülkər Qurbanovanın başına gələn dələduzluq hadisəsi ilə heç bir əlaqəsi yoxdur, Ülkər Qurbanovanı isə ümumiyyətlə tanımır. Belə bir dələduzluq hadisəsində adının hallandığı üçün təəssüf hissi keçirən deputat köməkçisi dələduzların tezliklə hüquq mühafizə orqanları tərəfindən müəyyən edilərək məsuliyyətə cəlb olunacaqlarına inanır.
Eyni zamanda, Əli Qafarov onun barəsində həqiqətə uyğun olmayan məlumatları yayımlamaqla “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın müvafiq bəndlərini pozan xəbər saytları ilə bağlı Azərbaycan Mətbuat Şurasına şikayət etmişdir. Eləcə də, Deputat köməkçisi Ülkər Qurbanovanın onun barəsində böhtan xarakterli ifadələr səsləndirdiyi üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147-ci maddəsi (Böhtan) ilə məhkəməyə müraciət edəcəyini bildirib.