AZ

Keçid prezidenti xalqa müraciət edib

Suriyanın keçid prezidenti Əhməd Şara keçid dövrü prezidenti seçildikdən sonra xalqa ilk müraciətini edib.

Şara çıxışına Suriya xalqını salamlayaraq, “54 gündür ki, Suriya on illərdir üzərimizdə olan zalım bir rejimin buxovlarından azad edilib. Dünyanın ən zalım idarə formalarından sona çatdı. Suriyada əvvəl Allahın lütfü ilə, daha sonra içəridə və xaricdə gedən mübarizə ilə azad edildi. Əməyi keçən hər kəsə təşəkkürlər edirəm”, – deyib.

Xalqla birlikdə ölkə tarixində yeni bir səhifə açdıqlarını qeyd edən Şara, “Dünən siyasi prosesin irəliləməsini təmin etmək üçün hüquq mütəxəssisləri ilə geniş məsləhətləşmələrdən sonra ölkənin məsuliyyətini üzərimə götürdüm. Bu gün mən Sizə bir hökmdar kimi deyil, yaralı vətənimizə xidmət edən biri kimi bütün gücüm və iradəmlə məmləkətin birliyini, inkişafını təmin etmək üçün çalışacağam”, – deyib.

Əhməd Şara Suriyanın müxtəlifliyini əks etdirən hərtərəfli keçid hökuməti formalaşdırmaq üçün çalışacaqlarını açıqlayıb: “Bu, bir keçid dövrüdür. Ölkə daxilində və xaricində bütün suriyalıların öz gələcəklərini sərbəst, ləyaqətlə quracaqları siyasi prosesin bir hissəsidir. Qadınlar, kişilər və gənclərlə birlikdə, Suriyanın müxtəlifliyini əks etdirən hərtərəfli keçid hökuməti yaratmaq üçün çalışacağıq. Bu hökumət, biz azad və ədalətli seçkilər mərhələsinə çatana qədər yeni Suriyanın təsisatlarını qurmaq vəzifəsini öz üzərinə götürəcək”.

Suriyanın keçid dövrü prezidenti Şara dünən parlamentin buraxılması qərarından sonra atılacaq addımlarla bağlı açıqlama verib: “Mən elan edirəm ki, keçid dövründə qanunvericilik səlahiyyətlərini öz üzərinə götürəcək müvəqqəti məclis yaratmaq üçün hazırlıq komitəsi yaradacağam. Milli Dialoq Konfransına hazırlıq komitəsi yaxın günlərdə açıqlanacaq. Bu konfrans gələcək siyasi proqramımızla bağlı birbaşa müzakirələr və məsləhətləşmələr üçün platforma olacaq. Bu addımlar tamamlandıqdan sonra keçid dövrünün hüquqi əsasını təşkil edəcək konstitusiya bəyannaməsini açıqlayacağıq”.

Suriyanın prioritetlərini sadalayan Şara, bunların sosial sülhün təmin edilməsi, Suriya xalqına qarşı cinayət törədənlərin ədalət qarşısında cavablandırılması, ərazi bütövlüyünün qorunması, şəffaf və ədalətli dövlət qurumlarının qurulması, güclü iqtisadiyyatın yaradılması və həyat şəraitinin yaxşılaşdırılması olacağını vurğulayıb.

Ə.Şara bildirib ki, istər daxildə, istərsə də xaricdə Suriya xalqına qarşı cinayət törədənlər mühakimə olunacaq.

Suriyanın güclü bir regional və beynəlxalq aktor olması üçün çalışacaqlarını deyən Şara, möhkəm bir iqtisadiyyat qurmağı hədəflədiklərini söylədi.

Seçilən
37
2
vaxt.az

5Mənbələr