Bakı, TurkicWorld
Yunanıstan parlamentində prezident seçkilərinin ikinci turu keçirilib, lakin namizədlərdən heç biri kifayət qədər səs toplaya bilmədiyi üçün seçki üçüncü tura keçib.
TurkicWorld xəbər verir ki, səlahiyyət müddəti martda başa çatacaq prezident Katerina Sakelaropolunu əvəzləyəcək namizədi müəyyən etmək üçün parlament yenidən səsverməyə gedib.
Seçkidə hakim Yeni Demokratiya Partiyasının namizədi Kostantinos Tasulas, ana müxalifət partiyası Panhellenik Sosialist Hərəkatının (PASOK) namizədi Tasos Yaniçis, Radikal Sol Alyansın (SYRIZA) namizədi Luka Kaçeli və Qələbə Partiyasının namizədi Kostas Kiryaku iştirak edib.
Heç bir namizəd prezident seçilmək üçün tələb olunan 200 səsi toplaya bilmədiyi üçün seçki üçüncü tura keçib.
Konstitusiyaya əsasən, üçüncü turun fevralın 6-da keçirilməsi qərara alınıb.
Yunanıstanda prezident hazırkı dövlət başçısının səlahiyyət müddətinin bitməsinə ən azı bir ay qalmış parlament tərəfindən beş illik müddətə seçilir. Bir şəxs maksimum iki dəfə prezident seçilə bilər.
Qeyd edək ki, prezident seçilmək üçün namizəd parlament üzvlərinin ən azı üçdə ikisinin dəstəyini almalıdır. Əgər bu göstəriciyə çatılmazsa, 5 gün ərzində seçki təkrarlanır. İkinci turda da lazımi sayda səs toplanmazsa, üçüncü tur keçirilir və burada namizədin parlament üzvlərinin beşdə üçünün dəstəyini alması tələb olunur. Üçüncü turda da prezident seçilməzsə, 5 gün sonra keçiriləcək son turda namizədin parlament üzvlərinin mütləq əksəriyyətinin səsini alması kifayət edəcək.