AZ

“McDonald's”, “KFC” və “Burger King”: Fəst-fud nəhənglərinin rəqabəti

Dünyanın ən məşhur “fast-food” restoran şəbəkələri arasında “McDonald's”, “KFC” və “Burger King” xüsusi yer tutur. Hər biri fərqli konseptlər və strategiyalarla müştəri cəlb etməyə çalışır. Ancaq onların arasında ən geniş yayılmış və populyarlıq qazananı hansıdır?  

Yenisabah.az məhşur “fast-food” markalarının önəmli xüsusiyyətlərini təqdim edir:

McDonald's: Sürətli və əlçatan yemək anlayışı  

“McDonald's” “fast-food” sənayesinin lideri hesab olunur. 1955-ci ildə Ray Krok tərəfindən qurulan bu marka, hazırda dünyanın 100-dən çox ölkəsində 40 mindən çox restorana sahibdir. “McDonald's”ın əsas gücü menyusunun sadəliyi və hər yerdə eyni keyfiyyəti təqdim etməsidir. “Big Mac”, “McNuggets” və “Filet-O-Fish” kimi məhsulları ilə tanınan “McDonald's”, həmçinin marketinq kampaniyaları ilə diqqət çəkir. “Happy Meal” uşaq menyusu və “Ronald McDonald” maskotu şirkətin ən uğurlu brendinq nümunələrindən biridir.  

“KFC”: Toyuq mətbəxinin qlobal kralı 

“KFC” xüsusilə qızardılmış toyuq məhsulları ilə tanınır. Şirkət 1930-cu illərdə Harland Sanders tərəfindən qurulub və o vaxtdan bəri toyuq sevənlər üçün əsas brendlərdən birinə çevrilib. “KFC”-nin unikal resepti – 11 ədviyyat və ot qarışığı – markanın fərqləndirici xüsusiyyətlərindən biridir. Restoran şəbəkəsi hazırda 150-dən çox ölkədə fəaliyyət göstərir və fast food sənayesində “McDonald's”dan sonra ikinci ən böyük şəbəkə hesab olunur.  

“Burger King”: Alovda bişmiş burgerlər  

1954-cü ildə yaranan “Burger King”, “McDonald's”ın əsas rəqiblərindən biridir. Şirkət xüsusilə məşhur Whopper burgeri ilə seçilir. Digər fast food şəbəkələrindən fərqli olaraq, “Burger King” alovda bişirilmiş (grill) burgerlər təqdim edir ki, bu da onun dadını xüsusi edir. “Burger King” “McDonald's”a nisbətən daha az filiallara malik olsa da, mütəmadi reklam kampaniyaları ilə daim bazarda öz yerini qoruyur.  

Hansının daha çox pərəstişkarı var? 

“McDonald's” açıq şəkildə dünyada ən çox tanınan və ən geniş yayılan fast food şəbəkəsidir. Onun gündəlik 69 milyon müştərisi var. “KFC”, “McDonald's”dan sonra ikinci yerdə gəlir və əsasən Asiya bazarında güclü mövqeyə malikdir. “Burger King” isə “McDonald's” və “KFC”dən geri qalsa da, xüsusilə ABŞ-da və Avropada güclü mövqeyini qoruyur.  

Bu üç nəhəng brend fərqli məhsulları və marketinq strategiyaları ilə milyonlarla insanın sevimlisinə çevrilib. “Fast-food” sənayesindəki rəqabət isə daim yenilik və kreativ yanaşmalar tələb edir.

Nazim Hacıyev

 

 


Telegram kanalımız
Seçilən
17
yenisabah.az

1Mənbələr