AZ

Gənclərin vətəndaş cəmiyyətində fəaliyyəti və Rəsulzadənin ideyaları: QHT sədri ilə MÜSAHİBƏ

QHT.az “Sağlam mühit” Gənclərin İnkişafına Kömək İctimai Birliyinin sədri Əli Mirzəyev ilə Azərbaycan Gəncləri Günü münasibətilə dəyərli bir müsahibə həyata keçirdi. Müsahibədə, Əli Mirzəyev gənclərin ölkə həyatında oynadığı vacib rolu, onların vətəndaş cəmiyyətindəki iştirakını və Məhəmməd Əmin Rəsulzadənin ideyalarının gənclərə necə çatdırılmalı olduğunu geniş şəkildə şərh etdi.

 

QHT.az: Azərbaycan Gəncləri Günü münasibətilə gənclərə mesajınız nə olardı?Sizcə, Azərbaycan gəncliyi bu gün ölkənin inkişafında hansı rolu oynayır?

Əli Mirzəyev: Azərbaycan gəncləri ölkənin həm siyasi, həm iqtisadi, həm də sosial həyatında həlledici rol oynayır. Təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyev ölkə gənclərinin fəaliyyətini yüksək qiymətləndirmişdir. “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının qanununda ölkə gənclərinin hüquq və vəzifələri geniş şəkildə təsbit edilmişdir. Onların təhsil, sağlamlıq, sosial təminat və s. hüquqları yüksək səviyyədə təmin olunur. Eyni zamanda gənclər də dövlətin idarə edilməsində, iqtisadi inkişafında, təhlükəsizliyin və suverenliyinin qorunmasında fəal iştirak edirlər. Gənclər günü münasibətilə ölkəmizin gənclərini ürəkdən təbrik edirəm, onları cəmiyyətin inkişafında daim öndə getməyə çağırıram.

 

QHT.az: Gənclərin vətəndaş cəmiyyətində aktiv iştirakı yetərli səviyyədədirmi? Gənclərin QHT sektoruna marağı necədir və bu sahədə onları daha da aktiv etmək üçün nə etmək olar?

Əli Mirzəyev: Azərbaycanda Vətəndaş Cəmiyyətinin inkişafına yüksək önəm verilir, və bu prosesdə gənclər fəal iştirak edirlər. Buna misal olaraq ölkəmizdə keçirilən Beynəlxalq tədbirlərin təşkilində gənclərin könüllü olaraq fəal iştirakını göstərmək olar. Qeyri Hökumət Təşkilatlarının üzvləri sıralarında gənclər kifayət qədərdir. Yüzlərlə gənclər təşkilatlarında münlərlə gənc Vətəndaş Cəmiyyətinin inkişafında uğurla iştirak edir. Gənclər təşkilatları üzvlərinin, könüllülərin, ümumiyyətlə gənclərin hərtərəfli inkişafı üçün silsilə tədbirlər həyata keçirir, onların ictimai həyatda fəal iştirakını təbliğ edir.

 

QHT.az: Bugünkü Azərbaycan gəncliyi Rəsulzadənin (31 yanvar MƏHƏMMƏD ƏMİN RISULZADƏNİN DOĞUM GÜNÜDÜR) ideyalarını nə qədər mənimsəyib? Sizcə, onun fikirləri və mübarizə yolu müasir dövrdə hansı formada təbliğ edilməlidir?

Əli Mirzəyev: M. Ə. Rəsulzadənin həyatı, fəaliyyəti, Şərqdə ilk demokratik dövlətin banisi olması gənclərimizə dərsliklərdən, tarixi ədəbiyyatlardan, bədii əsərlərdən və s. mənbələrdən tanışdır. Amma onun ideyaları, mübarizə yolu hələ də gənclərimizə lazımi səviyyədə öyrədilmir. Bu sahədə Gənclər Təşkilatları daha fəal olmalı, onun müstəqillik, suverenlik ideyalarının gənclərə çatdırılması üçün müntəzəm fəaliyyətlər həyata keçirməlidirlər.

 

Pərvanə Fərhadqızı

QHT.az

Seçilən
61
50
qht.az

10Mənbələr