Azərbaycanda gənc ailələrin başlıca problemi mənzil alışı ilə bağlıdır. Hazırda daşınmaz əmlak sektorunda ilbəil ciddi bahalaşma müşahidə edilir və bundan ən çox gənc ailələr ziyan çəkir. Digər tərəfdən, gənclərin bir çoxunun evlilikdən boyun qaçırmasının əsas səbəbi də məhz şəxsi evlərinin olmamasıdır.
Mövzu ilə bağlı "Yeni Sabah"a danışan əmlak eksperti Elnur Azadov bildirib ki, ipoteka şərtləri yetərincə əlverişli olsa da, əmlak qiymətlərində sürətli artım ciddi çətinliklər yaradır:
“Dövlət ipoteka proqramı çərçivəsində, 2 formada mülkiyyətə sahib olmaq imkanı var. Birincisi güzəştli 4, adi 8 faizli olmaqla, ənənəvi ipoteka şərtləridir. Digəri isə artıq 5-ci ildir ki, tətbiq edilən kirayə öhdəliyi ilə vətəndaşlara verilən mənzillərdir ki, 20-25 ildən sonra həmin mənzil artıq vətəndaşın mülkiyyətinə çevrilir.
Yəni hökumət lazımi tədbirlər görür. Bir çox iqtisadçı deyir ki, ipoteka şərtləri yumşaldılmalıdır. Amma bir nəfər demir ki, gəlin daşınmaz əmlakın qiymətini aşağı salaq.
Əgər vətəndaş Yaşayış Fondundan 40 min manata 1 otaqlı mənzil ala bilirdisə, onun ilkin ödənişi qiymətin 15 faizini, yəni 6 min manatını özü ödəyirdi. Yerdə qalan məbləğ isə kredit formasında ödənilirdi. Amma bu gün güzəştli ipoteka üçün vətəndaşa ayrılan vəsait 100 min manat manatdır. Digərində isə 150 min manatdır. Bu vəsaitlə o ancaq Bakının künc-bucağında ev tapa bilər. Belə olan halda həm hökumət zərər çəkir, həm də vətəndaş. Bu baxımdan təkcə gənc ailələrə yox, hamıya kömək lazımdır”.
Ekspert qeyd edib ki, gənc ailələrin daşınmaz əmlak seçimində olduqca məhdud variantları var:
“Hazıda daşınmaz əmlakın bahalaşması barədə heç kim ağıllı bir fikir söyləmir. Əksinə, bəziləri deyir ki, daşınmaz əmlakın bahalaşması iqtisadiyyatın yaxşı göstəricisidir. Bu qətiyyən belə deyil. Mənzil seçimi vətəndaşın gələcək həyatı ilə bağlı çox vacib bir məqamdır. Gələcəkdə uşaqların təhsil alması, infrastruktura əlçatanlılıq və bu kimi səbəblərə görə yaşayış yerinin harada olması çox vacibdir.
Təbii ki, gənc ailələr çalışır ki, aldıqları ev valideynlərinə, iş yerinə yaxın olsun. Amma hazırkı vəziyyəti nəzərə aldıqda vətəndaşların seçim şansı xeyli məhdudddur. Məsələn, 20 il qabaq Əhmədlidə 1 kvadratmetr daşınmaz əmlakın qiyməti 200 manat idi, bu gün isə bu rəqəm 1700 manatdır. Kəskin bahalaşmanı bu cür müqayisələrlə daha dəqiq görmək olur. Daşınmaz əmlaklarda qiymət artımı illik 18 faizi ötüb keçib”.
Nazim Hacıyev
Telegram kanalımız