AZ

"Nimesil" hansı hallarda zərərlidir?

Həkim bildirib ki, "Əgər insanın mədə-bağırsaq sistemində problemlər varsa, nimesulit tərkibli qeyri-steroid dərmanların qəbulu məsləhət görülmür".

"Qızdırma salıcı və ağrıkəsici dərmanlar, düzgün və müəyyən miqdarda istifadə edildikdə faydalı olsa da, həddindən artıq qəbul edildikdə zərərli ola bilər. Bu dərmanlar adətən qısa müddətli istifadə üçün nəzərdə tutulub, lakin uzun müddət və ya yüksək dozada istifadə orqanizmə mənfi təsir göstərə bilər. Ona görə də bu dərmanlar yalnız həkim tövsiyəsi ilə qəbul edilməlidir".

Bu sözləri "Operativ Media"ya açıqlamasında daxili xəstəliklər üzre mütəxəssis Nəbi Abbasov deyib.

"Bu dərmanlar dünyanın bir çox ölkəsində apteklərdə reseptsiz satılır. Çünki yan təsirləri nisbətən azdır. Məsələn "Teraflu" və "Nimesil" kimi dərmanların tərkibindəki maddələr qısa müddətli istifadədə insanların rahatlığını təmin edir və ciddi yan təsirlər yaratmır. Bununla yanaşı bu dərmanların zərərləri digər ağrıkəsici və qızdırma salıcı dərmanlara nisbətən daha azdır. Lakin hər bir dərmanın yan təsiri olduğuna görə, uzun müddət istifadədən çəkinmək lazımdır. 

"Teraflu" dərmanının tərkibində parasetamol və vitamin C olduğu üçün daha zərərsiz və təhlükəsiz sayılır. "Parasetamol" qısa müddətli istifadə üçün effektiv bir ağrıkəsicidir. Vitamin C isə immun sistemini gücləndirir. Ancaq "Nimesil" nimesulit tərkibli qeyri-steroid antiinflamatuar dərmandır (NSAID).

Bu dərman, ağrıları aradan qaldırmaqla yanaşı, iltihabı da azaldır. Lakin qeyri-steroid iltihab əleyhinə dərmanlar uzun müddət və yüksək dozada istifadə edildikdə mədə-bağırsaq traktında problemlər yarada bilər. Eyni zamanda çox istifadə edildikdə böyrəklərə və mədə-bağırsağa ziyan vurması mümkündür.

Həkim son zamanlar sosial şəbəkələrdə "Nimesil"in insan orqanizminə mənfi təsir etdiyi ilə bağlı məlumatlara aydınlıq gətirib:

"Son zamanlarda sosial şəbəkələrdə Nimesilin insan orqanizminə mənfi təsir etdiyi ilə bağlı şaiələr yayılmaqdadır. Məsələn bu dərmanın qaraciyərə zərər verə biləcəyi, hətta onu sıradan çıxara biləcəyi haqqında məlumatlar yayımlanır. Lakin bu iddialar əsassızdır. Nimesilin qaraciyərə ziyan vurması ilə bağlı xüsusi bir təsiri yoxdur. Əgər insanın mədə-bağırsaq sistemində problemlər varsa, nimesulit tərkibli qeyri-steroid dərmanların qəbulu məsləhət görülmür. Çünki bu dərmanlar mədə-bağırsaq traktında qıcıqlanma yarada bilər.

Son olaraq hər bir dərman yalnız həkim nəzarəti altında və düzgün doza ilə istifadə edilməlidir. Uzun müddət və ya yanlış istifadə dərmanların faydalı təsirlərini azalda bilər və ciddi sağlamlıq problemlərinə yol aça bilər. Buna görə də bu cür dərmanlar barədə məlumatlı olmaq və hər zaman həkimlə məsləhətləşmək vacibdir".

Seçilən
870
50
operativmedia.az

10Mənbələr