![Image](https://baki-xeber.com/uploads/posts/2025-01/1738273046_abs.webp)
Türkiyənin dəstəklədiyi Suriya Milli Ordusunun uğurlu əməliyyatları ilə Fəratın şərqində küncə sıxışdırılan PKK/YPG-yə daha bir zərbə ABŞ-dan gəldi.
Trampın vəzifəyə gəlməsi ilə ABŞ-ın Suriya ilə bağlı siyasəti tamamilə dəyişdi. Suriyadan Amerika əsgərlərini çəkməyə hazırlaşan ABŞ Deyr əz-Zor və Hasakedən sonra Rakkadakı bazasını da boşaltmağa başlayıb.
Türkiyə mediası yerli mənbələrə istinadən yazır ki, Fərat körpüsü yaxınlığındakı ABŞ bazası boşaldılıb. Məlumatda iki helikopterin bazaya eniş etdiyi və əsgərlərin təxliyyə edildiyi bildirilib.
Bir müddət əvvəl, illərdir terror təşkilatı PKK/YPG-yə dəstək verən Amerika əsgərləri Hasake və Deyr əz-Zordakı bazaları da boşaltmışdılar. Bu yaxınlarda Suriyanın Hasake vilayətində ABŞ-ın terror təşkilatına ayırdığı silah və hərbi texnika İraqa göndərilib.
İraqdan Hasakeyə gətirilən boş yük maşınları ABŞ bazasına çatdıqdan sonra yüklü vəziyyətdə geri qayıdıblar. Yerli mənbələr də İraqa çoxlu sayda hərbi maşının göndərildiyini təsdiqləyib.
ABŞ Hasake ilə yanaşı, Deyr əz-Zordakı Koniko qaz mədəni ərazisindəki bazasından da çəkilib. Amerika əsgərləri Deyr əz-Zordakı Koniko qaz mədəni ərazisindəki bazasından bütün avadanlığı İraqa köçürüblər.
Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ-ın yüksək səviyyəli rəsmilərinin prezident Donald Trampın hazırda Suriyada olan minlərlə Amerika əsgərini geri çəkmək istədiyi barədə İsraili məlumatlandırdığı barədə xəbərlər yayılmışdı.
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Suriyada 2 min ABŞ əsgərinin olduğunu açıqlayıb.
TAHİR