Mark Zukerberqə məxsus olan “Meta” şirkəti Donald Trampın 2021-ci ildə hesablarını blokladığı üçün şirkətə qarşı qaldırdığı iddia ilə bağlı ona 25 milyon dollar ödəyəcək.
KONKRET.az xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb. “Facebook” və “Instagram”ın ana şirkəti olan “Meta”nın mətbuat katibi Endi Stoun bildirib ki, şirkət 25 milyon dollar ödəyəcək. Bunun 22 milyon dolları Trampın Prezident Kitabxanası Fonduna ayrılacaq. Stoun qeyd edib ki, tərəflər arasında razılaşma “Meta”dan səhv hərəkətə görə etiraf etməyi tələb etmir. Ağ Ev bu məlumatı şərh etməkdən boyun qaçırıb. Xatırladaq ki, 4 il əvvəl Trampın hesabları “Meta” tərəfindən bloklanıb. Çünki şirkət onun 2021-ci il yanvarın 6-da Kapitoliyada baş verən iğtişaşlarla bağlı açıqlamalarını təhlükəli hesab edirdi. “NBC News”-un məlumatına görə, “Meta” Trampın prezident seçkilərindəki qələbəsindən sonra onun iddiasını ödəyən ikinci böyük şirkətdir. 2024 dekabr ayında “ABC” telekanalı Trampın aparıcı Corc Stefanopulosun onu böhtan atdığını iddia etdiyi mübahisəni həll etmək üçün 15 milyon dollar ödəyəcəyini açıqlamışdı.
Mark Zukerberq isə 2024-cü il seçkilərində Trampla yaxşı münasibətlər saxlamağa çalışır.
O, Trampın andiçmə mərasiminə 1 milyon dollar bağışlayıb. CNN qeyd edir ki, Zukerberq həmçinin “Facebook”, “Instagram” və “Threads”-də yeni məzmun moderasiya qaydalarını yumşaldaraq faktları yoxlayan nəzarətçi qruplarla əməkdaşlıqları ləğv edib.
Vəli Həsənoğlu,
KONKRET.az