“Naxçıvan” Universitetinin təsisçisi və keçmiş rektoru İsmayıl Əliyevin sözlərinə görə, Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin sabiq sədri Vasif Talıbov yaratdığı və rəhbərlik etdiyi təhsil ocağını zorla əlindən alıb.
Mia.az bildirir ki, o bu barədə Azadlıq Radiosuna müsahibəsində deyib.
O bildirib ki, hədə-qorxulardan sonra məcbur qalıb universitetdəki 100 faiz təsis payını V.Talıbovun kiçik oğlu Seymur Talıbova 301 min manata satması barədə müqaviləyə imza atıb: “2013-cü ilin fevralı idi, məni Ali Məclisin binasına çağırdılar. Bir sənəd verdilər ki, imzalamalısan. Heç bir notarius-filan da yox idi. Notarius sonradan qanunsuz şəkildə onu təsdiqləyib. Guya universiteti 301 min manata satmışam. Reallıqda isə 1 qəpik də pul verilməyib”.
Vaxtilə V.Talıbovun da müəllimi olduğunu yada salan İ.Əliyevin sözlərinə görə, sonradan keçmiş tələbəsi əmlakını zorla əlindən aldığından qorxaraq heç yerə şikayət edə bilməyib: “Universiteti alanda mənə deyildi ki, onun yerləşdiyi 1.5 hektardan artıq torpağın dəyəri qiymətləndirilib, pulu veriləcək. Çünki mülkiyyət hüququ ilə mənə məxsusdur. Onu da vermədilər”.
MİA.AZ