AZ

Peşə təhsili proqramlarının yenilənməsinə kəskin ehtiyac var...

Image

Müasir dövlətlərdə bütün sahələri əhatə edən inkişaf proqramlarının tətbiqi ölkənin güclənməsi baxımından ən vacib faktorlardan biri hesab edilir. Xüsusilə də elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarının hazırlanması və təkmilləşdirilməsi çox vacibdir. 

Azərbaycanda bu istiqamətdə mühüm işlər görülsə də, mütəxəssislər hesab edirlər ki, ölkəni dünyanın yenidən elm-mədəniyyət beşiyinə çevirə bilən elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarına ciddi ehtiyac var.

Çatışmazlıqların aradan qaldırılması üçün aidiyyatı qurumlar ciddi və əməli işlər görməlidir

Müasir dövrdə ölkənin güclənməsi baxımından ən vacib faktorlardan biri elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarının təkmilləşdirilməsi və inkişafı üçün vacib işlərin görülməsi ilə bağlıdır. Azərbaycanda bu sahənin inkişafı prioritet istiqamətlərdən biridir. Ona görə də bu istiqamətdə mühüm işlər görülür. Amma yenə də istənilən nəticə əldə olunmayıb. İstər elm, istər təhsil, istərsə də mədəniyyətin inkişafı ilə bağlı müəyyən addımların atılması zərurətinə ehtiyac yaranmaqda davam edir. Hər hansı bir proqramı birbaşa gətirib tətbiq etdikdə təbii ki, bunun effekti olmayacaq. Necə ki, hal-hazırda biz kurikulum təhsil tətbiqindən sonra bunun fərqindəyik. Ümumilikdə, ölkəmizdə müvafiq təhsil proqramlarından və bəzi istiqamətlər üzrə sintez olunmuş proqramlardan istifadə olunur. Amma bizim üçün vacib olan öz təhsil proqramımızı formalaşdırmağımızdır ki, cəmiyyətimizə uyğun tətbiq edə bilək. Çünki proqramlarda bəzi detallar var ki, onu bir yerdə tətbiq edərkən problem yaşamırıq, digər bir yerdə tətbiqində isə çətinklərlə üzləşirik. Bütün bu amillər nəzərə alınmalıdır. Eyni zamanda biz başqa ölkələrdən də nümunələr götürməliyik. Təəssüflər olsun ki, bizdə şagirdlərin və tələbələrin hazırladıqları məhsulların bazara çıxarılmasında bəzi universitet və bəzi məktəblər istisna olmaqla, qalan təhsil müəssisələrimiz bu prosesə cəlb olunmur. Bu istiqamətdə bir növ təkcə təhsil vermə yox, bilik və bacarıqların formalaşdırılması və əldə olunan biliyi istehsalata cəlb etmək, ölkə iqtisadiyyatına dəstək xarakterli addımlar atılmasına təşfiq etməliyik. Hansı ki, dünyanın qabaqcıl ölkələrində bu proses var və tətbiq olunur. Dövlət elmi-kütləvi, mədəni-maarif və təhsil sahəsində addımlar atır. Amma yenə də çatışmayan tərəflər var. Bu çatışmazlıqların aradan qaldırılması üçün aidiyyatı qurumlar ciddi və əməli işlər görməlidir. 

Peşə təhsili sahəsində ciddi problemlər var 

Azərbaycanda peşə təhsili ilə bağlı ciddi çatışmazlıqlar var və ən çox tənqid edilən sahələrdən biridir. Dövlət Statistika Komitəsinin 2023-cü il hesabatına görə, ölkədə orta məktəbi bitirən məzunların yalnız 10%-i peşə təhsilinə yönəlir, halbuki bu göstərici Avropa ölkələrində 40-60% arasında dəyişir. Ən ciddi problem regionlarda özünü göstərir. Peşə Təhsili üzrə Dövlət Agentliyinin məlumatına əsasən, regionlarda orta məktəbi bitirənlərin əksəriyyəti nə ali, nə də peşə təhsilini seçir, nəticədə əmək bazarına peşə bacarıqları olmadan daxil olur. Azərbaycan Respublikasının 2018-ci ildə qəbul etdiyi “Peşə Təhsili Haqqında” Qanunda peşə təhsilinin əmək bazarının tələblərinə uyğun formalaşdırılması nəzərdə tutulsa da, praktikada bir çox peşə məktəbləri köhnəlmiş metodologiyalarla fəaliyyət göstərir. 2021-ci ildə aparılmış rəsmi araşdırmalar göstərir ki, peşə məktəblərinin 60 faizində tədris proqramları müasir texnoloji standartlara cavab vermir. 

Ümumiyyətlə, maraqlıdır, peşə-texniki təhsillə bağlı proqramlar necə hazırlanır? Sözügedən proqramların bu bugünkü hazırlıq vəziyyəti necədir? Bununla bağlı nə kimi işlərin görülməsinə, yeniliklərə ehtiyac var?

İlk növbədə Prezident sərəncamları yerinə yetirilməlidir

Sözügedən məsələyə aydınlıq gətirən təhsil sahəsi üzrə ekspert Elşən Qafarov “Bakı-Xəbər”ə açıqlamasında bununla bağlı bir sıra məqamlara toxundu: “Məsələ ondadır ki, təhsilin bütün pillələrində çox ciddi böhran və problemlər yaşanır. O cümlədən də peşə təhsili sahəsində. Ölkəmizdə “Peşə Təhsili Haqqında” Qanun 2018-ci ildə qəbul edilib. Elə həmin vaxtlardan başlayaraq peşə təhsili ilə bağlı ciddi islahatlara start verilib. Ancaq çox təəssüf olsun ki, aparılan islahatlar effekt vermədi. Bunun əsas səbəbi islahatların qeyri-peşəkarlar tərəfindən həyata keçirilməsi idi. Nəticə etibarı ilə bu gün peşə təhsili əmək bazarının tələblərinə uyğun olaraq kadr hazırlaya bilmir. Peşə təhsili müəssisələri ilə əmək bazarı arasında uzlaşma yoxdur. Prezident İlham Əliyevin 2022-ci ildə əmək bazarının öyrənilməsi ilə bağlı 2 ciddi sərəncamı yerinə yetirilməmiş qalır. Həmin sərəncamlarda göstərilirdi ki, əmək bazarının öyrənilməsi ilə bağlı iki institut yaradılmalı idi. Bu institutlardan biri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tərkibində yaradılmalı idi. Digər institut isə Azərbaycan Milli Elmlər Akademiyası yanında elmi tədqiqat institutu olmalı idi. Həmin institutlardan biri 2023-cü ildə, digəri isə 2024-cü ildə fəaliyyətə başlamalı idi. Artıq 2025-ci ildir, amma onlardan heç biri fəaliyyətə başlamadı. İstər peşə təhsili müəssisələri, istərsə də orta ixtisas və ali təhsil müəssisələri əmək bazarını öyrənmədən kadr hazırlığı ilə məşğuldular. Bu, o deməkdir ki, bizim kadr hazırlığı ilə məşğul olan hər üç təhsil müəssisəsi əmək bazarının tələbini bilmədən kor-koranə sadəcə öz proqnozları ilə bəlli ixtisaslar üzrə tələbə hazırlayırlar. Ona görə də eyni problem təkcə peşə təhsili ilə bağlı deyil, digər sahələrdə də var. Ona görə də ilk növbədə Prezident sərəncamları yerinə yetirilməlidir. Əmək bazarını öyrənəcək qurum yaradılmalıdır. Nazirlər Kabineti hər tədris ili üçün ixtisasların təsnifatını, o cümlədən tələbə yerlərin sayını müəyyən edərkən əmək bazarını öyrənən institutların rəylərini əsas gətirməlidilər. Bunlar olmadan hər şey proses xaotik olaraq həyata keçirilir. Bir sözlə, vəziyyətdən çıxış yolu əmək bazarının öyrənilməsindən keçir”.

Vidadi ORDAHALLI
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.





Seçilən
41
baki-xeber.com

1Mənbələr