AZ

"Qəzzada saxlanılan tailandlı girovların azad edilməsi MİT və Ərdoğanın uğurudur" -  "Anadolu Ajansı"

 
"MİT təkcə girovların azad ediıməsi deyil, həm də daha geniş humanitar və diplomatik təşəbbüslər göstərib..."
 
Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (Milli İstihbarat Teşkilatı, MİT) Qəzza bölgəsində HƏMAS tərəfindən saxlanılan beş Tailand vətəndaşının azad edilməsinə nail olub.
 
Moderator.az xəbər verir ki, bu barədə Türkiyənin "Anadolu Ajansı" dövlət informasiya xəbərlər agentliyi təhlükəsizlik orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.
 
Məlumatda deyilir ki, girovların azad edilməsi MİT-in HƏMAS-la "kəşfiyyat diplomatiyası" çərçivəsində apardığı danışıqlar nəticəsində mümkün olub. "Əməliyyat Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə həyata keçirilib", - agentlik vurğulayıb.
 
Türkiyə Xarici İşlər Nazirliyi də bəyan edib ki, "Prezident Rəcəb Tayyib Ərdoğanın göstərişini yerinə yetirən MİT Tailand rəsmiləri ilə koordinasiyalı şəkildə çalışıb və Tailand vətəndaşlarının azad olunmasını təmin etmək üçün HƏMAS-la daimi dialoq aparıb. Türkiyə kəşfiyyatının diplomatik səyləri girovların təhlükəsiz şəkildə geri qaytarılmasında həlledici rol oynayıb".
 
Türkiyə dövlət kanalı "TRT World" də bu məlumatı təsdiqləyib. "Türkiye Today" nəşri əlavə edir ki, MİT yalnız girovların azad edilməsində deyil, həm də daha geniş humanitar və diplomatik təşəbbüslərdə iştirak edib.
 
Britaniyanın "The Guardian" qəzeti isə xatırladıb ki, yanvar ayının ortalarında Ərdoğan Qəzzada atəşkəs elan edildikdən sonra "dayanıqlı sülhə" ümid etdiyini bildirib. 
 
Yanvarın 29-da Türkiyə lideri HƏMAS rəhbərlərindən biri Məhəmməd İsmayıl Dərvişlə Ankarada görüşüb. Görüşdə Türkiyə xarici işlər naziri Hakan Fidan və Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın da iştirak edib.
 
Qeyd edək ki, Qəzza bölgəsində atəşkəs və israilli girovlarla fələstinli məhbusların mübadiləsi haqqında sazişi ABŞ, Misir və Qətərin vasitəçiliyi və zəmanəti ilə imzalanıb. 
 
Yanvarın 17-nə keçən gecə İsrail, HƏMAS, ABŞ və Qətər nümayəndələri yazılı razılaşmaya imza atıb. BBC-nin məlumatına görə, İsrail və HƏMAS nümayəndələri dolayısı danışıqları eyni binada aparıb.
Seçilən
16
moderator.az

1Mənbələr