AZ

Colani Bəşər Əsədin “erməni genosidini” tanımaq qərarını ləğv edəcək(?)...

Image

Faiq Ələkbərli: “Fikrimcə, Colani hökuməti Bəşər Əsədin bu bədnam qərarının ləğv edilməsi üçün müvafiq addımlar atacaq, bu məsələ kökündən həll olunacaq”     

Qondama erməni “soyqırımını” tanıyan ölkələr arasında erməni yalanına dəstək verən bəzi müsəlman ölkələrin olması təəssüf doğurur. Amma nə etməli ki, bəzi dövlətlər müsəlman kimliyinə zidd addım ataraq bu qondarma “soyqırımı” tanıyıb. 

Məlum olduğu kimi, Bəşər Əsəd dövründə Suriya dövləti saxta erməni “genosidini” tanıyıb. Sözsüz ki, burda bəzi amillər olub, Suriyanın bu bədnam məsələni Rusiyanın təsiri altında və Türkiyənin açığına tanıdığı da sirr deyil. 

İndi zaman dəyişib, Suriyada Bəşər Əsəd hakimiyyəti devrilib, orda yeni hakimiyyət formalaşır. 

Əbu Məhəmməd əl-Colaninin rəhbərlik etdiyi Suriya bu tanımadan imtina edə bilərmi? 

Təbii, o vaxt həm də ermənilər Bəşərin müttəfiqi olublar. Amma dediyimiz kimi, indi vəziyyət dəyişib, bu vəziyyətdə Suriya qondarma soyqırımı tanımaqdan imtina edə bilər?

Fəlsəfə doktoru, siyasi ekspert Faiq Ələkbərli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Suriyada baş verən hakimiyyət dəyişikliyi regionda da öz təsirini göstərəcək. F.Ələkbərli qeyd etdi ki, vaxtilə Suriyada hakimiyyətdə olan Bəşər Əsədin Türkiyəyə, türk dünyasına münasibəti qərəzli idi, ancaq indiki Suriya hakimiyyəti xüsusilə də Türkiyəyə münasibətdə fərqli bir yol izləyir. “Bu baxımdan Bəşər Əsədin Türkiyə ilə bağlı atdığı zərərli, qərəzli addımlar da aradan qaldırılacaq. Əgər Bəşər Əsəd saxta erməni “genosidini” tanıyırdısa, bunun altında başqa maraqlar dayanırdı. Xüsusən də Suriyanın keçmiş hökumətinin Rusiyanın təsiri altında olması nəticəsində bu səhv addım atılmışdı. Bəşər Əsəd hökuməti Türkiyəyə qarşı öz düşmən münasibətini, qərəzini ifadə edirdi. Lakin indiki hökumət Türkiyə ilə yaxşı münasibətlər qurur və əlaqələrini genişləndirməyə, gücləndirməyə çalışır. Bu o deməkdir ki, Bəşər Əsəd hökumətinin saxta erməni “genosidini” tanıması  qüvvədən düşür. Fikrimcə, Colani hökuməti Bəşər Əsədin bu bədnam qərarının ləğv edilməsi üçün müvafiq addımlar atacaq, bu məsələ kökündən həll olunacaq. Yəni Suriya qondarma erməni “soyqırımını” ya parlament səviyyəsində, ya da rəsmi qərarla tanımadığını bəyan edəcək. Bu hər halda Türkiyə və Suriya münasibətlərinin yaxşılaşması, daha yüksək səviyyədə olması baxımından da önəmlidir”.

F.Ələkbərlinin sözlərinə görə, vaxtilə atılmış zərərli addımların aradan aldırılması ilə Türkiyə Suriya münasibətləri daha da yaxşılacaq. 

Ekspert hesab edir ki, yeni mərhələdə Suriyanın Türkiyə və digər türk dövlətləri ilə əməkdaşlığı daha da güclənəcək. O, qeyd etdi ki, Suriyanın yeni hökuməti ilə əlaqələrdə Azərbaycan da maraqlıdır və bizim də Hələb şəhəri, eləcə də Suriya türkmənləri ilə sıx əlaqələrimiz oldu. “Bəşər Əsəd dövründə atılmış zərərli addımları aradan qaldırmaqla Türkiyə, Azərbaycan və digər türk dövlətləri ilə əməkdaşlığa təkan verilmiş olacaq” - deyə F.Ələkbərli qeyd etdi.

İradə SARIYEVA 





Seçilən
25
baki-xeber.com

1Mənbələr