“Milli Məclisə illik hesabat təqdim edərkən tövsiyyə olunan məsələlərdən biri də aliment fondudur. Bunun üzərində işlər davam edir. Hesab edirəm ki, fond problemləri həll etmək gücündə olmalıdır. Şəffaf, rahat, nəticəsi olan bir fəaliyyət göstərməlidir. Hazırda bununla bağlı təhlillər aparılır ki, bu fonda nə qədər ehtiyac var, bu ehtiyacları nəzərə almaq üçün hansı imkanları nəzərə almaq lazımdır”.
Bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova açıqlamasında bildirib.
Qurumdan Referans.az-a verilən açıqlamada “Alimetn Fondu” layihəsinin mahiyyəti haqqında geniş məlumat verilib.
“Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən alimentin tutulması və ödənilməsində valideynlərin hüquq və vəzifələri göstərilir. Lakin bu vəzifələrin yerinə yetirilməməsinə görə sanksiyaların sərtləşdirilməsinə baxmayaraq əldə olunan nəticə yeni mexanizmin hazırlanması üçün normativ hüquqi bazanın təkmilləşdirilməsinə ehtiyac olduğunu göstərir. Təcrübə göstərir ki, Avropanın iqtisadi cəhətdən inkişaf etmiş bir sıra ölkələrində borclu tərəfindən aliment ödənilmədiyi təqdirdə uşağın saxlanılması yükünü dövlət öz üzərinə götürür. Məsələn Norveçdə Milli Sığorta Agentliyi, Niderlandda Alimentlər üzrə Federal Büro, Polşada Aliment Fondu, Fransada Dövlət Aliment Fondu kimi dövlət təşkilatları fəaliyyət göstərir. Borclu alimenti ödəməkdən yayındığı təqdirdə dövlət müvafiq ödənişləri onun əvəzinə edir. Bu borclunu aliment üzrə öhdəlikdən azad etmir. Çünki tələbkar şəxs digəri ilə əvəz olunur və ödəniş aparıldıqdan sonra dövlət orqanı aliment məbləğini borcludan məcburi qaydada tutur və bununla da dövlət öz üzərinə müvafiq vəsaitləri tələb etmək funksiyasını götürür”.
Qurumdan bildirilib ki, Dövlət Komitəsi tərəfindən Aliment fondunun yaradılması barədə hazırlanmış layihə sənədi hökumətə təqdim edilmişdir.
“Fondun yaradılması maliyyə tutumlu məsələdir və onun idarə edilməsi, daxil olan müraciətlərdə sui istifadə amillərinin aşkara çıxarılması, məqsədli şəkildə alimentin əldə edilməsinin müəyyən edilməsi və bu kimi faktorların qarşısının alınması məqsədilə konkret mexanizmlər müəyyənləşdirilməlidir. Hesab edirik ki, fondun yaradılması ölkə üzrə aliment ödənilməməsi hallarının dinamikasına müsbət təsir edəcək”.
Hüquqi və Demokratik İslahatlar Mərkəzinin sədr müavini, sosioloq Elçin Bayramlı bildirib ki, aliment fondunun yaradılması Azərbaycan üçün ən vacib addımlardandır.
“Bu sahədə son dövrlərdə çox ciddi problemlər müşahidə olunur. Bununla bağlı uzun illərdi ki, biz də müəyyən təkliflərlə çıxış etmişik. Çox təəssüf ki, bizdə belə məsələlər çox gec realizə olunur. Yalnız problem kəskinləşdikdə isə məcburi halda çıxış yolu axtarılır. Aliment məsələsində bəzi səbəblər var ki, bunlar obyektiv səbəblərdir. Dünya ölkələrini deyə bilmərəm amma Azərbaycanda heç bir ata, nə də ana övladına aliment verməkdən imtina etmir. Yalnız məcbur qaldıqda bunu ödəməyə bilər. Buna səbəb isə onun işsiz olması və ya çox aşağı, hətta özünü dolandırmağa belə yetməyən maaş alması səbəbilə ola bilər. Belə bir mexanizm yoxdur ki, dövlət vətəndaşı ac qoyub, əlindəki pulu alıb aliment kimi köçürsün. Təbii ki, bunu ata öz istəyi ilə sərbəst şəkildə edə bilər amma bunu dövlət etməməlidir. Çünki hər vətəndaşın minimal ehtiyacları, yaşamaq hüququ var. Dövlət də bunu təmin etməlidir. Kimlər ki, aliment verir bu, adətən, razılaşma yolu ilə olur. Razılıq əldə olunmadıqda isə məhkəmələr əsasən Əmək Məcəlləsinin 78-ci maddəsində əks olunan kimi aliment formaları vəziyyət və gəlirlərə uyğun olaraq fərqlənir. Bir uşağa görə aliment formasında adətən məhkəmələr ümumi gəlirin dörddə bir hissəsini tutur. İki uşaqdısa ümumi gəlirin üçdə bir hissəsi, 3 və daha artıq uşaqda isə gəlirin yarısı aliment kimi verilməlidir. Bu, qanuni olan addımdır”.
Sosioloq qeyd edib ki, dövlətin əsas strategiyalarından biri də həmçinin boşanmaların minimuma endirilməsi üçün addımlar atmaq olmalıdır.
“Biz işsizlər tərəfdən məsələyə nəzər saldıqda görürük ki, bu, nə praktik, nə də qanuni olaraq mümkündür. Belə olan halda dünya təcrübəsində aliment fondu anlayışı tətbiq olunur. Əksər ölkələrdə işsizlik, əlillik və başqa bu kimi səbəblərdən aliment ödəmək iqtidarında olmayan valideynlərin əvəzinə alimenti dövlət ödəyir. Bəzi ölkələrdə dövlət əvəzinə aliment ödədiyi şəxsləri sonradan işlə təmin edir və bu pul onun maaşında hər ay az miqdarda fonda geri qaytarılır. Bunun üçün birinci növbədə həmin şəxslər normal işlə təmin olunmalıdırlar. Amma belə olan halda belə fonda ilkin kapitalı dövlət yönəltməlidir”.
Fidan Vəlisoy