Çingiz Qənizadə: “AŞPA-nın İşgəncələrə qarşı Komitəsi ilə əməkdaşlıq edilməməsi məhz bu təşkilatın özünün Azərbaycana qarşı apardığı ikili standart və qərəzli siyasətin nəticəsidir”
Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycana qarşı növbəti qərəzli qətnamə qəbul edib. Azərbaycanın AŞPA İşgəncələrə qarşı Komitəsi (CPT) ilə əməkdaşlıqdan imtinasını pisləyib və Azərbaycana əlaqəni bərpa etməsi ilə bağlı çağırış edib.
Bu qətnamədə Azərbaycana qarşı bir sıra qərəzli mülahizələr var, iddialı tələblər irəli sürürlər. Əsasən də Azərbaycanın AŞPA-nın apardığı iki standartlı və qərəzli siyasətə etiraz əlaməti olaraq AŞPA-nın İşgəncələrə qarşı Komitəsi ilə əməkdaşlıqdan imtina etməsinə xüsusu aqressiv münasibət göstərirlər.
Azərbaycanın AŞPA-nın sözügedən komitəsi ilə əməkdaşlıqdan imtina etməsinin səbəblərinə varmaq əvəzinə qərəzli mülahizələr irəli sürülüb. AŞPA Azərbaycana qarşı belə bir qərara qəbul etdikdən, AŞPA Azərbaycan nümayəndə heyətinin mandatını dondurandan sonra ölkəmiz bu təşkilatın ayrı-ayrı strukturları ilə niyə əməkdaşlıq etməlidir ki? O halda əməkdaşlıq edər ki, Azərbaycanın mandatı bərpa edilsin, AŞPA isə Azərbaycan nümayəndə heyətinin mandatını bərpa etmir. Bu halda Azərbaycan da onların bütün strukturları, o cümlədən də sözügedən komitə ilə əlaqəni kəsib. Bunlar deyir ki, siz AŞPA-dan kənarda qalın, amma bu komitə ilə də əməkdaşlığı davam edin. Belə şey olar?
Ümimiyyətlə, Azərbaycan İşgəncələrə qarşı Komitəsi ilə əlaqəni niyə kəsib? AŞPA niyə təkid edir ki, Azərbaycan əlaqələri bərpa etsin?
“Azərbaycan AŞPA-nın sözügedən komitəsi ilə əməkdaşlığı dayandırmaq məcburiyyətində qalıb”
Hüquq müdafiəçisi Çingiz Qənizadə “Bakı-Xəbər”ə şərhində bildirdi ki, AŞPA-nın Azərbaycan əleyhinə yeni qəbul etdiyi qətnamə gözlənilən idi. “Çünki AŞPA-da Azərbaycan nümayəndə heyəti təmsil olunmursa, bu o deməkdir ki, AŞPA-nın qanunsuz tələblərinə Azərbaycan dövləti əməl etmədi. Bu baxımdan, bu cür qətnamənin qəbul edilməsi gözlənilməz deyildi. Bir də onu qeyd edim ki, AŞPA Cənubi Qafqazda Qərbin iradəsinə uyğun olmayan, xalqının və dövlətinin milli maraqlarına xidmət edən hakimiyyətləri daim sıxmağa çalışır. Təkcə AŞPA yox, digər beynəlxalq təşkilatlar da”.
Ç.Qənizadə qeyd etdi ki, yanvarın 30-da Gürcüstan AŞPA-da iştirak etməkdən imtina etmişdi, amma yeni məlumata görə, bu qurum Gürcüstan nümayəndə heyətinin səlahiyyətlərinin aprel ayına qədər məhdudlaşdırılmasını nəzərdə tutan qətnaməni təsdiqləyib, yəni bu ölkəyə üç ay möhlət verib.
Ç.Qənizadənin sözlərinə görə, AŞPA-nın Azərbaycana qarşı əsassız ittihsamlar səsləndirməsinin, bəyanatlar qəbul etməsinin əlehinə olaraq ölkəmizin nümayəndə heyəti bu qurumda fəaliyyətini dayandırıb. “Bilirsiz, söhbət təkcə AŞPA-dan getmir. “Human Rights Watch”, “Freedom House” və bu kimi təşkilatlar da Azərbaycana qarşı qərəzli mövqelərini nümayiş etdirirlər. Mənbələri məlum olmayan informasiyaları, hətta etibarlı mənbədən əldə olunmayan məlumatları toplayaraq ildə bir-iki dəfə Azərbaycan əleyhinə qərarlar qəbul edir, bəyanatlar verirlər. Bu da onu göstərir ki, bu təşkilatların hamısı bəzi dövlətlərin siyasi hakimiyyətlərinin təsiri altındadırlar və onların sifarişlərini yerinə yetirirlər. Çünki Qərb Azərbaycan son vaxtlar, xüsuilə 44 günlük savaşdan və ondan sonrakı dövrlərdə Azərbaycanın addımlarını qəbul etmək istəmirlər. Baxmayaraq ki, Azərbaycan BMT-nin 51-ci maddəsinə uyğun olaraq öz torpaqlarını işğalçılardan azad edib. Bunu həzm edə bilmirlər”. Ç.Qənizadənin sözlərinə görə, bu səbəbdən də, özlərinin maraqlarına uyğun addımlar atmaqla, dövlətimizin qanunlarının dəyişdirilməsinə çalışmaqla, Azərbaycanda olmayan, əsassız ittihamları öz hesablatlarına salmaqla Azərbaycanın daxili işlərinə qarışır və siyasi hakimiyyətə təzyiqlər edirlər. “Azərbaycan hər bir beynəlxalq təşkilatla normal əməkdaşlıq etməyə həmişə hazır olduğunu bəyan edib, amma heç bir dövlət, heç bir təşkilat müstəqil dövlətin daxili işlərinə qarışa bilməz, o cümlədən də Azərbaycanın”-deyə Ç.Qənizadə vurğuladı.
Hüquq müdafiəçisinin sözlərinə görə, AŞPA Azərbaycana qarşı bu cür siyasət yürütdükdən və münasibətlər gəlib bu həddə çatdıqdan, yəni Azərbaycan nümayəndə heyətinin mandatı dondurulduqdan sonra Azərbaycan tərəfi də təbii ki, bu qurumla əlaqələri kəsmək məcburiyyətində qalır. “Əgər Azərbaycan nümayəndə heyəti AŞPA-da iştirak etmirsə AŞPA-nın ayrı-ayrı komitələri ilə əməkdaşlıq etməyin nə mənası var. O cümlədən də AŞPA-nın İşgəncələrə qarşı Komitəsi ilə əməkdaşlıq edilməməsi məhz bu təşkilatın özünün Azərbaycana qarşı apardığı ikili standart və qərəzli siyasətin nəticəsidir. Yəni Azərbaycan həm AŞPA ilə, həm də AŞPA-nın müvafiq institutları ilə əməkdaşlıq etməyə həmişə hazır olduğunu qeyd edib. Lakin indiki durumda AŞPA ilə hər hansı bir münasibət yoxdursa və Azərbaycan nümayəndə heyəti orda təmsil olunmursa onda AŞPA-nın ayrı-ayrı institutları ilə əməkdaşlıq etməyin heç bir mənası yoxdur. Bu baxımdan da, Azərbaycan AŞPA-nın sözügedən komitəsi ilə əməkdaşlığı dayandırmaq məcburiyyətində qalıb. Belə hallarda adətən beynəlxalq təşkilatlar günahı ayrı-ayrı dövlətlərdə axtarmağa çalışırlar. Amma indiki məqamda, AŞPA-nın apardığı bu qərəzli ikili standartalara uyğun siyasətilə Azərbaycana olan münasibəti göz qabağındadır. Belə hesab edirəm ki, burda artıq günahı AŞPA özündə axtarmalıdır. AŞPA-nın Azərbaycanın əlaqələri bərpa etməsi ilə bağlı çağrışlarına gəldikdə, Azərbaycan tərəfin tələbi göz qabağındadır və ortadadır. Azərbaycana qarşı AŞPA-nın bu cür qərəzli münasibətləri dayandırılmalı və Azərbaycan nümayəndə heyətinin mandatı təsdiqlənməlidir. Belə olmadıqda heç bir əməkdaşlıqdan söhbət gedə bilməz” - deyə Ç.Qənizadə bildirdi.
İradə SARIYEVA