AZ

Fransa üçün Azərbaycanda pul yığılır(?)...

Image

Azərbaycanda keçirilən beynəlxalq riyaziyyat müsabiqəsi – “Kenquru” Olimpiadası müzakirələrə səbəb olub. Məlumat üçün bildirək ki, bu olimpiada əslində Fransa dövlətinə məxsusdur və burada iştirak edən hər bir şagird üçün 20 AZN ödəniş tələb olunur. 

Əldə olunan vəsait birbaşa Fransaya yönləndirilir. Nəticədə, bir dəfəyə 2 milyondan çox vəsait Fransa şirkətinə yönləndirilir. O da məlumdur ki, Azərbaycanla Fransa arasında münasibətlər elə də yaxşı deyil, bu ölkə açıq şəkildə ermənilərə dəstək verir və onlara silah satır. Belə olan halda, Azərbaycanda bu olimpiadanın keçirilməsi və ödənişlərin məhz Fransaya getməsi ölkə ictimaiyyətində ciddi suallar doğurur.

Rizvan Fikrətoğlu: “Bu müsabiqənin bizə lazım olub-olmadığı, şagirdlərimizə əlavə hansı bilik-bacarıqların qazanılıb-qazanılmaması araşdırılmalıdır”

Təhsil eksperti Rizvan Fikrətoğlu “Bakı-Xəbər”ə şərhində bildirdi ki, “Kenquru” Olimpiadası bir müddətdir Azərbaycanda 2-10-cu siniflər arasında keçirilir. Bu, böyük kütləni əhatə edir: “Kenquru” Olimpiadasına çox şagird cəlb olunur. Bu olimpiadadan əldə edilən gəlirin hamısı Fransaya yönəlmir. Nəzərə almaq lazımdır ki, məlum olimpiada ölkəmizdə keçirilir və bunun da bir sıra xərcləri var. Xərcin bir qismi ola bilsin ki, Fransaya yönləndirilir, çünki müəllif onlardır. Sadəcə bu müsabiqənin bizə lazım olub-olmadığı, şagirdlərimizə əlavə hansı bilik-bacarıqların qazanılıb-qazanılmaması araşdırılmalıdır. Əgər şagirdlərin inkişafına yönəlirsə, niyə də yox. Beynəlxalq olimpiadalar başa düşüləndir”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, müsabiqə üçün şagirddən pul tələb olunması birmənalı deyil. Bu kimi müsabiqə şagird üçün önəmlidirsə dövlətin  pul ayırması daha məqsədəuyğundur. Çünki yetərindən artıq təhsilə hər il büdcədən vəsait ayrılır: “Məktəblər şagirdləri bu olimpiadada valideynlərinin hesabına iştirak etməyə təşviq edirsə, bu, düzgün deyil. Belə olimpiadalara qatılmaq könüllü olmalıdır”.

Elşən Qafarov:   “Azərbaycan məktəblərindən böyük məbləğdə pulların çıxarılaraq xarici bir şirkətə yönləndirilməsi ciddi araşdırılmalıdır”

Təhsil eksperti Elşən Qafarov bildirdi ki, bu olimpiada Fransada fəaliyyət göstərən bir şirkət tərəfindən təşkil olunur və hər il Azərbaycan məktəblərindən milyonlarla vəsait həmin şirkətə köçürülür: "Olimpiada 2-10-cu siniflər üçün nəzərdə tutulur və hər iştirakçı şagirddən 20 manat ödəniş tələb olunur. Hər rayon üzrə ən azı 100 şagirdin bu olimpiadaya qoşulması tövsiyə edilir. Xüsusilə lisey və gimnaziyalarda bu rəqəm daha yüksək, 200-300 nəfər arasıdır. Bəzi məktəblərdə 250-300 nəfərlik planlar müəyyən edilib. Ümumilikdə, ölkə üzrə 100 mindən çox şagirdin iştirakı təmin olunur. Məsələnin diqqətçəkən tərəfi isə budur ki, Fransa açıq şəkildə Ermənistana hərbi yardım göstərən ölkələrdən biridir. Hər il bu olimpiadadan 2 milyondan çox vəsait toplanır. Bu vəsaitin bir hissəsi Fransa şirkətinə ötürülür. Prosesin tam şəffaf olmaması isə cəmiyyətdə suallar doğurur. Azərbaycan məktəblərindən böyük məbləğdə pulların çıxarılaraq xarici bir şirkətə yönləndirilməsi ciddi araşdırılmalıdır. Fransanın Ermənistanı silahlandırdığı açıq fakt olduğu halda, ölkəmizdə belə bir olimpiadanın keçirilməsi suallar doğurur".

Günel CƏLİLOVA





Seçilən
30
baki-xeber.com

1Mənbələr