AZ

ABŞ-ın şərti və Türkiyənin İsrailə güzəşti- inanılmaz olaylar var...

Image

Qulamhüseyn Əlibəyli: “Türkiyə İsrail münasibətləri daim gərgin qala bilməz”

Seçkidən əvvəl Suriyadan çəkiləcəyini vəd edən ABŞ prezidenti Donald Trampın administrasiyası son vaxtlar ölkədəki sayı 2000-ə çatdırılan ABŞ hərbçilərini geri çəkməyə hazırlaşdığını açıqlayıb.

Qeyd edək ki, Tramp seçki kampaniyası zamanı ABŞ-ın Suriyadakı hadisələrə müdaxilə etməkdən çəkinəcəyini və Amerika qoşunlarını bölgədən çıxaracağını vəd etmişdi. İsrail mediası yazır ki, Tramp vəzifəyə gəldikdən sonra bu vədi yerinə yetirmək üçün addımlar atacaq. Qərar Ağ Evdən verilən açıqlamadan sonra İsraildə narahatlıq yaradıb. Xarici diplomatik mənbələrə görə, Amerika əsgərlərinin Suriyadan çıxarılması prosesində Trampın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla koordinasiyalı hərəkət etdiyi vurğulanıb. Yenə eyni mənbələrə görə, Tramp Amerika qoşunlarının çıxarılması üçün Türkiyə qarşısında İsraillə münasibətləri bərpa etməyi öhdəsinə götürməsini şərt qoyub. 

Maraqlıdır, Türkiyə bu şərtə gedərmi? Yəni İsrailə güzəşt edərmi?

“Ankaranın siyasətində başqa dövlətlərdən fərqli olaraq daimi düşmən dövləti obrazı yoxdur”

Sözügedən məsələyə aydınlıq gətirən sabiq millət vəkili Qulamhüseyn Əlibəyli “Bakı-Xəbər”ə açıqlamasında bununla bağlı bir sıra məqamlara toxundu: “Türkiyənin İsraillə münasibətlərinin bərpa olunması, normallaşmasına Ankaranın Təl-Əvivə güzəştə getməsi kimi baxmaq düzgün olmazdı. Çünki Türkiyənin siyasətində başqa dövlətlərdən fərqli olaraq daimi düşmən dövləti obrazı yoxdur. Türkiyə-İsrail münasibətlərinin gərginləşməsinin əsas səbəbi İsrailin Yaxın Şərqdə olan təcavüzkar fəaliyyətidir. Xüsusən Fələstin əhalisinə qarşı olan fəaliyyətidir. Türkiyə çalışır ki, Fələstin ərazisində BMT-nin 1947-ci il qərarına uyğun olaraq Fələstin dövləti yaransın. İsrail isə müstəqil Fələstin dövlətinin yaradılmasına qarşıdır, buna imkan vermir. Fələstin Muxtariyyatı yaradılsa da, bu, BMT-nin müəyyən etdiyi sərhədlər çərçivəsinə uyğun gəlmir. Vaxtaşırı olaraq İsrail fələstinlilərlə mübarizəyə qalxır, dinc əhalini rəhimsizcəsinə hədəf alır. Bu səbəbdən Türkiyə-İsrail münasibətləri zaman-zaman gərginləşir. Sonuncu dəfə bu münasibətlər təxminən 10 il əvvəl pozulmuşdu. Bunun da səbəbi İsrailin öz ərazisini Fələstin hesabına növbəti dəfə genişləndirmək fəaliyyəti ilə bağlı olmuşdu. 2023-cü ilin 7 oktyabrında Fələstində başlayan toqquşmalara qədər Türkiyə-İsrail münasibətləri bir qədər düzəlmişdi. Ancaq təəssüf ki, 7 oktyabrda baş verən terror və İsrailin buna cavab olaraq başladığı genişmiqyaslı dağıdıcı hərbi əməliyyatlar münasibətləri yenidən gərginləşdirdi. Ancaq bu, o demək deyil ki, Türkiyə-İsrail münasibətləri daim gərgin qalmalıdır. Bu münasibətlərin normallaşmasına təbii yanaşmaq lazımdır. Çünki Türkiyə regionda geosiyasi güc mərkəzidir. Ankara bu statusdan çıxış edərək çalışır ki, ətraf dövlətlərlə öz münasibətlərini normallaşdırsın. O baxımdan hesab edirəm ki, münasibətlərin normallaşması üçün müəyyən zəmin yaranır. HƏMAS-la İsrail arasında atəşkəslə bağlı razılığın əldə edilməsi, girovların dəyişdirilməsi və digər proseslər Ankara ilə Təl-Əvivin münasibətlərinin normallaşmasına öz müsbət təsirini göstərə bilər. O mənada ki, İsrail atəşkəsə əməl etsin və Fələstin dövlətinin yaranması üçün şərait yaratsın. Dinc fələstinliləri hədəf almasın. Türkiyə İsrail münasibətləri daim gərgin qala bilməz. Regionda ciddi proseslər gedir. Suriyada hakimiyyət dəyişikliyi baş verib. İranın Suriyadan çəkilməsi. Artıq ABŞ-ın da qüvvələrini Suriyadan çıxarmaq istəyi müəyyən ümidlər yaradır”.

Vidadi ORDAHALLI





Seçilən
7
baki-xeber.com

1Mənbələr