Rusiya Prezident Administrasiyası sözçüsü Dmitri Peskov BRICS ölkələrinin yeni bir investisiya platforması yaratmaq məsələsini müzakirə etdiyini bildirərək "BRICS-in gündəmində ortaq valyuta yaratmaq məsələsi yoxdur" deyib.
Peskov paytaxt Moskvada Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın BRICS ölkələrinin ortaq valyuta yaratması halında bu ölkələrə 100 faiz gömrük rüsumu tətbiq ediləcəyi ilə bağlı açıqlamalarını dəyərləndirib. Trampın daha əvvəl də bənzər açıqlamalar verdiyini xatırladan Peskov "Bu, yeni bir şey deyil. O, prezident seçilərkən də oxşar fikirlər səsləndirmişdi. İndi də əvvəlki mövqeyini təkrarlayır" deyə bildirib.
Rusiya dövlət başçısı Vladimir Putinin bu mövzuda daha əvvəl açıqlama verdiyini xatırladan katib "BRICS-in gündəmində ortaq valyuta yaratmaq yoxdur. Bu məsələ daha əvvəl də müzakirə olunmayıb" deyə qeyd edib. O, təşkilatın gündəminin fərqli olduğunu vurğulayaraq "BRICS üçüncü ölkələrdə birgə investisiyalara və qarşılıqlı sərmayələrə imkan yaradacaq yeni ortaq investisiya platformalarının yaradılmasını müzakirə edir. Görünən odur ki, gündəmi Trampa daha ətraflı izah etmək üçün ekspertlərə ehtiyac var" ifadələrini işlədib.