Norveç Sahil Mühafizəsi cümə axşamı axşam saatlarında göyərtəsində rus ekipajı olan Norveçin “Silver Dania” gəmisini saxlayıb.
Bu barədə Norveç polisinin mətbuat xidməti məlumat yayıb. Polisin məlumatına görə, gəmi Latviya və İsveç arasında Baltik dənizində fiber-optik kabelin zədələnməsi ilə bağlı insidentdə iştirak edə bilər. Hazırda gəmidə axtarışlar, dindirilmələr və sübutların toplanması işləri aparılır. “Gəmi cümə axşamı axşam saat 21:00 radələrində (Norveç-Kommersant) polisinin başçılıq etdiyi əməliyyat zamanı sahil mühafizə gəmisi olan “KV Bison” tərəfindən saxlanılıb. Həmin vaxt gəmi Troms qraflığının sahillərindəki Norveç iqtisadi zonasında olub”, – Norveç polisinin rəsmi saytında dərc edilmiş bəyanatda deyilir. Saxlanıldıqdan sonra “Silver Dania” gəmisi cümə günü yerli vaxtla saat 06:40-da Tromso limanına göndərilib.
Məlumata görə, göyərtəsində rusiyalı ekipajın olduğu gəmi Latviya hakimiyyətinin qanuni sorğusu, habelə Norveçin Nord-Troms və Senja rayon məhkəməsinin qərarı əsasında saxlanılıb. Gəminin özü Norveçdə qeydiyyatdadır və Sankt-Peterburqla Murmansk arasında işləyir. “Gəminin Baltik dənizində Latviya və İsveç arasında olan fiber-optik kabelə ciddi ziyan vurması ilə bağlı şübhələr var. Polis gəmidə axtarışlar, sorğu-suallar və sübutların toplanmasından ibarət əməliyyat keçirir”, – məlumatda deyilir.
Bundan əvvəl İsveç prokurorluğu Baltik dənizində İsveç və Latviya arasında fiber-optik rabitə kabelinin zədələnməsindən sonra mümkün təxribatla bağlı araşdırmalara başladığını bildirib.
//Samir Qurbanov, Editor.az