AZ

Rusiya Bakı-İrəvan sərhəd danışıqlarına buraxılmır, Rusiya isə kartoqrafiya sənədlərini vermir- Dalan...

Image

Afsəddin Nəbiyev: “Overçukun kartoqrafik xəritələr dediyi hərbi xəritələr daha dəqiqdir”

Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib ki, Rusiya Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası və demarkasiyası prosesini həmişə dəstəkləyib: 

“Və sorğu əsasında kartoqrafik materialları təqdim etməyə hazırdır. Moskva bu sahədə, o cümlədən Azərbaycanın özü ilə bağlı geniş təcrübəsindən istifadə edərək ölkələrə məsləhətçi yardım göstərməyə hazırdır. Bilirsiniz ki, Rusiyanın müvafiq kartoqrafik materialı var, lazım gələrsə, delimitasiya və demarkasiyada iştirak edən tərəflərin tələbi ilə verilə bilər”.

Overçuk onu da qeyd edib ki, üçtərəfli komissiya işləmir.

O da məlumdur ki, üçtərəfli komissiyanın işləməsini Ermənistan qoymur. Ermənistan Rusiyanı komissiyaya buraxmır. Deyir özümüz danışaq. Əgər Ermənistan üçtərəfli komissiyanın işləməsinə razı deyilsə, Rusiya kartoqrafik xəritələri verməyəcəksə, o zaman necə olacaq? Olmazmı Rusiya kartoqrafik xəritələri ikitərəfli qaydada Azərbaycana versin? Vacib deyil ki, Rusiya danışıqlarda iştirak etsin. Vacibdir ki, danışıqlarda həmin xəritələrdən istifadə edilsin. Əgər belə olmayacaqsa, o zaman kartoqrafik xəritələrin Rusiyada qalmasının nə mənası var? Bir sözlə, Ermənistan Rusiyanı delimitasiya prosesinə buraxmasa, Moskva o kartoqrafik xəritələri Azərbaycana ikitərəfli qaydada verə bilərmi və niyə də verməsin?

“Bu tip xəritələr əslində Azərbaycana təhvil verilməlidir və Rusiya bundan alət kimi istifadə etməməlidir”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP-in sədr müavini Afsəddin Nəbiyev prinsipcə, bunu mümkün hesab edir: “Əvvəlcə onu qeyd edim ki, Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası və demorkasiyası prosesi üçüncü dövlətin müdaxiləsi olmadan həyata keçirilərsə bu addımlar müsbət nəticələrə səbəb ola bilər. Çünki bu prosesdə üçüncü tərəfin iştirakı sərhədlərin dəqiqləşdirilməsi mərhələsini ləngidə bilər. Rusiya bundan öz maraqları üçün istifadə edəcək. Yaxşı olar ki,  Ermənistanla sərhədlərin dəqiqləşdirilməsi hər iki dövlətin sərhəd mütəxəssisləri tərəfindən həyata keçirilsin. Rusiya baş nazirinin  müavini Aleksey Overçukun kartoqrafik materiallarla bağlı açıqlaması illər öncə digər Rusiya hökumət nümayəndələri tərəfindən də səslənib. Onu da deyim belə dəqiq kartoqrafik xəritələr bizim özümüzdə də var. Reallıq isə ondan ibarətdir ki, Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası prosesinin hansı xəritələr əsasında aparılması müzakirə predmeti olaraq qalmaqdadır. Əsasən müzakirə olunan xəritələr 1920-ci illərin əvvəlləri, 1975-ci il və 1991-ci ildə BMT tərəfindən rəsmən tanınmış xəritələrdir. Ola bilər ki, Overçukun kartoqrafik xəritələr dediyi hərbi xəritələr daha dəqiqdir. Çünki belə xəritələr daha dəqiq olur və hətta deyərdim ən kiçik detal belə, bulaqlar, çaylar, dərələr, iri qayalar həmin xəritələrdə öz əksini tapır. Bu tip xəritələr əslində Azərbaycana təhvil verilməlidir və Rusiya bundan alət kimi istifadə etməməlidir. Bu xəritələr Azərbaycana məxsusdur və bizdə də olmalıdır. Ermənistan tərəfi Rusiyanı onsuz da delimitasiya prosesinə buraxmaq istəmir. Sərhədlərin dəqiqləşdirilməsində əsas söz sahibi Azərbaycan tərəfi olacaq. Çünki vaxtilə Azərbaycan əhalisinin rəyi nəzərə alınmadan bizə məxsus 20.000 kv km-ə   qədər ərazilərimizi müxtəlif dövrlərdə keçmiş sovet rəhbərliyi  Ermənistana verib. Təbii ki, delimitasiya və demarkasiya vaxtı bütün bunlar nəzərə alınmalıdır”.

Vidadi ORDAHALLI





Seçilən
38
baki-xeber.com

1Mənbələr