AZ

Azərbaycan tranzit statusunu Rusiyanın "əlindən" aldı...Qazaxıstan qurtuldu...

Image

Qazaxıstan “Kaşaqan” neft yatağından hasil etdiyi neftlə yüklənmiş ilk tankerini Bakı-Tiflis-Ceyhan boru kəməri ilə nəql etmək üçün Azərbaycana göndərib. Bu addımın Qazaxıstanın Rusiya marşrutlarından asılılığını azaltmasının göstəricisi olduğu vurğulanır. Ümumiyyətlə, Qazaxıstanın Rusiya vasitəsilə neft daşımalarını 80%-dən çox azaltması gözlənilir.

Aktau limanında tankerə yüklənən “Kaşaqan” neftinin ilk partiyası təxminən 6 min ton təşkil edir. Qazaxıstanın “KazMunayQaz” şirkəti bununla bağlı bildirib: “Kaşaqan”dan neftin ilk partiyası Bakı limanına göndərilib. Qazaxıstanın “Kaşaqan” neftini daşıyan “Taraz” tankeri Aktau limanından Bakıya yola düşüb. Neft daha sonra Bakı-Tiflis-Ceyhan boru kəməri sistemi ilə Aralıq dənizinə nəql olunub”. Qazaxıstan neft ixrac marşrutlarını şaxələndirmək məqsədilə Bakı-Tiflis-Ceyhan boru kəməri ilə daşımalara başlayıb. “KazMunayQaz” və Azərbaycanın dövlət neft şirkəti SOCAR arasında boru kəməri ilə ildə 1,5 milyon ton Qazaxıstan neftinin nəqli haqqında saziş imzalanıb. 2024-cü ilin martında “KazMunayQaz” və SOCAR Azərbaycan ərazisindən neft tranzitinin həcmini tədricən ildə 2,2 milyon tona çatdırmaq barədə razılığa gəliblər. Eyni zamanda, “Kaşaqan” yatağından neftin Xəzər dənizi vasitəsilə Azərbaycana ilk sınaq yükü həyata keçirilib. Dünya okeanlarına birbaşa çıxışı olmayan Qazaxıstan bu marşruta daha çox diqqət edir. 2024-cü ilin noyabrında energetika naziri Almasadam Satkaliyev bildirmişdi ki, Qazaxıstan Bakı-Tiflis-Ceyhan boru kəməri ilə illik neft tədarükünü 20 milyon tona çatdırmaq imkanlarını araşdırır. Qazaxıstanın Xəzər dənizi sahilində, Atırau yaxınlığında yerləşən “Kaşaqan” neft yatağı son onilliklərin ən böyük kəşflərindən biridir. Onun ehtiyatları 9-13 milyard barrel neft arasında qiymətləndirilir. Süni adalardan istifadə edilməklə burada kommersiya istehsalına 2016-cı ilin payızında başlanılıb. Qeyd edək ki, “Kaşaqan” neftinin Bakı-Tiflis-Ceyhan vasitəsilə nəqlinə başlanması Azərbaycan ilə Qazaxıstan arasındakı dostluq münasibətlərinin təzahürü olmaqla yanaşı, ölkələrimizin əməkdaşlığının daha da möhkəmləndirilməsinə xidmət edir. Bakı-Tiflis-Ceyhan vasitəsilə Azərbaycandan Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” nefti və “Şahdəniz” kondensatı, eləcə də digər mənbələrdən xam neft və kondensat həcmləri nəql olunur. 2006-cı ildən 2024-cü ilin sentyabr ayının sonunadək Bakı-Tiflis-Ceyhan boru kəməri vasitəsilə ümumilikdə təqribən 583 milyon ton və ya təxminən 4,4 milyard barrel xam neft nəql edilib və dünya bazarlarına göndərilib.

Onu da xatırladaq ki, Qazaxıstan hazırda öz neftinin, təxminən 80%-ni təmin edən Xəzər Boru Kəməri Konsorsiumundan asılılığın azaldılmasını nəzərdə tutan bəzi layihələri canlandırmağa hazırdır. Belə ki, Astana Eskene-Kurık neft kəmərinin tikintisini və paralel olaraq Azərbaycan ərazisindən neft tədarükünün artırılmasını nəzərdə tutan Qazaxıstan Xəzər Karbohidrogen Nəqliyyat Sisteminin həyata keçirilməsi layihəsini bərpa etməyi planlaşdırır. Qazaxıstan Xəzər Karbohidrogen Nəqliyyat Sistemi üçün iki variantın - Qazaxıstan limanlarından Azərbaycan ərazisinə tankerlər vasitəsilə həyata keçirilməsi və Bakı-Tiflis-Ceyhan neft kəməri ilə xammalın sonrakı nəqli əsas planda yer alır. İkinci variant isə Qazaxıstan neftinin tankerlərlə Bakı limanına daşınması, sonra dəmiryol çənlərinə yüklənməsi və Qazaxıstanın neft yükləmə terminalının olduğu Gürcüstanın Batumi limanına göndərilməsidir.Bu gün Qazaxıstan neftinin nəqli üçün dörd neft kəmərindən istifadə olunur. Bunlardan ikisi (Qazaxıstan Xəzər Karbohidrogen Nəqliyyat Sistemi və Uzen-Atırau-Samara) xammalı daha sonra dünya bazarına çıxarmaqla Rusiyaya, daha ikisi isə (Atasu-Alaşankou və Kenkiyak-Kumkol) Çinə çatdırırlar. Eyni zamanda, bu neft kəmərləri ilə neft nəqlinin ümumi gücü 127 milyon ton təşkil edir. 2023-cü ildən başlayaraq Qazaxıstan Azərbaycan ərazisindən və Bakı-Tiflis-Ceyhan marşrutu ilə neft ixracı istiqamətini fəal şəkildə inkişaf etdirir. Ölkənin yeni Milli Planına əsasən, ortamüddətli perspektivdə Transxəzər marşrutu və ya Orta Dəhliz ilə neft tranzitinin ildə 7 milyon tona çatdırılması planlaşdırılır. Eyni zamanda, Azərbaycanın təklifi ilə yenidən fəaliyyətə başlayan Bakı-Supsa kəməri nəzərdən keçirilir. Bu kəmərdən yalnız Qazaxıstan neftinin ötürülməsi üçün istifadə olunacaq. Bu varianta görə Qazaxıstan nefti Azərbaycanın infrastrukturu vasitəsilə axacaq və beynəlxalq bazara alternativ çıxış əldə edəcək. Bu marşrutla ildə 3-5 milyon ton Qazaxıstan neftinin nəqli müzakirə edilir. Astananın öz ixrac marşrutunu şaxələndirmək üzrə iddialı planlarını nəzərə alaraq, Qazaxıstanın Azərbaycanın təklifini dəyərləndirəcəyi və Bakı-Supsanı özünün prioritet tədarük marşrutuna daxil edəcəyi gözlənilir. Bundan əlavə, Qazaxıstanın yeni Milli Planında Xəzər dənizinin Qazaxıstan və Azərbaycan sahillərində dəniz terminallarının, o cümlədən Transxəzər daşımalarını hər il 20 milyon tona çatdırmaq üçün xüsusi iri tutumlu tanker donanmasının tikintisi nəzərdə tutulur.

Ramil QULİYEV





Seçilən
21
baki-xeber.com

1Mənbələr